“Erasmus+ KA2” layihəsi çərçivəsində yay məktəbi

 

Bakı Dövlət Universitetində (BDU) əmək bazarının tələblərinə uyğun yeni ixtisas və ixtisaslaşmalar üzrə mütəxəssislərin hazırlanması istiqmətində məqsədyönlü işlər aparılır.

Tehsil.biz xəbər verir ki, bu istiqamətdə Tətbiqi riyaziyyat və kibernetika fakültəsində “Mobil tətbiqlərin hazırlanması və oyun dizaynı” ixtisaslaşması üzrə “MAGnUS Erasmus+ KA2” layihəsi çərçivəsində kadrlar hazırlanır. Layihədə İsveç, Böyük Britaniya, Estoniya, Portuqaliya və Rusiya Federasiyasından tanınmış universitetlər istirak edir. İxtisaslaşma yalnız BDU-da mövcuddur. İxtisaslaşma üzrə kadr hazırlığı 2021/2022-ci tədris ilindən başlayaraq Tətbiqi riyaziyyat və kibernetika fakültəsində magistratura təhsil səviyyəsinin ingilis bölməsində həyata keçirilir. Tədrisin yeni məzmunda təşkil olunması və əmək bazarının tələblərinə uyğun kadrların hazırlanması məqsədilə tədris prosesinə BDU ilə yanaşı, sənaye və biznes müəssisələrindən ixtisas üzrə peşəkar mütəxəssislər cəlb olunur, ölkəmizdən və xarici ölkələrdən tanınmış alimlərin ustad dərsləri və mühazirələri, habelə intensiv təlimlər və Yay məktəbləri təşkil olunur, tərəfdaş universitetlərin professor-müəllim heyəti mübadilə proqramlarında iştirak edir.

Belə ki,  2022-ci il sentyabrın 5-dən 9-dək BDU-da təşkil olunan yay məktəbinə İsveçin Linköping Universiteti, Böyük Britaniyanın Derbi Universiteti, Estoniyanın Tallin Universiteti, Portuqaliyanın Tomar Universiteti, Azərbaycan Dövlət Neft və Sənaye Universiteti və Bakı Mühəndislik Universitetinin müəllim və magistrantları qatılıblar. Yay məktəbində “Oyunlarda və mobil proqramlarda təbii dil emalının vacibliyi”, “Təhsil və avtosürücülüyün təhlili sahələrində interaktiv layihələr”, “OpenMP, MPI və C/C++ texnologiyalarına əsaslanan çoxnüvəli və çoxqovşaqlı kompüter sistemlərində paralel proqramlaşdırma”, “Real hadisə ilə əlaqəli peşəkar simulyasiya və oyun mühitlərində istifadə üçün nəzərdə tutulmuş yüksək dəqiqliyə malik virtual reallıq (VR) simulyatorunun yaradılması”, “Mobil proqramların inkişafı və oyun dizaynının artan imkanları”, “Bulud texnologiyaları və bulud hesablama sistemlərində təhlükəsizlik” kimi mövzularda mühazirələr dinlənilib.

Qeyd edək ki, Avropa İttifaqının maliyyələşdirdiyi layihədə BDU ilə yanaşı, İsveçin Linköping Universiteti, Böyük Britaniyanın Derbi Universiteti, Estoniyanın Tallin Universiteti, Portuqaliyanın Tomar Universiteti, Rusiya Federasiyasının Həştərxan Universiteti, Voronej Universiteti və Cənubi Federal Universiteti, Azərbaycan Dövlət Neft və Sənaye Universiteti və Bakı Mühəndislik Universiteti də iştirak edir.