2017-2023-cü illər ərzində BDU-da ümumilikdə, 52 elmi-tədqiqat nəticəsi üzrə patent əldə edilmişdir. Onlardan 3 patent beynəlxalq (Avrasiya) səviyyəlidir.
BDU-da əqli mülkiyyət hüquqlarının qorunması, elmi nəticələrin patentləşdirilməsi və digər əlaqəli məsələlərin həlli məqsədilə Elmi fəaliyyətin təşkili və innovasiyalar Mərkəzində Əqli mülkiyyətin qorunması şöbəsi yaradılmışdır. Şöbə BDU-nun intellektual mülkiyyətinin qorunması işini təşkil edir, ixtiraçılıq, patent-lisenziya məsələlərinin tənzimlənməsi ilə məşğul olur, tətbiqi xarakterli elmi-tədqiqat işlərinin və işləmələrin perspektiv və cari planlarının hazırlanmasında iştirak edir, onların maliyyələşdirilməsi üçün təkliflər verir, ixtira səviyyəsində olan elmi tədqiqatların müəlliflik hüququnun Respublikada və xarici ölkələrdə qorunması işlərini təşkil edir, iddia sənədlərinin ilkin texniki ekspertizasını keçirir, baxılmağa və dövlət qeydiyyatına təqdim edir, elmi tədqiqatların patent qabiliyyəti məsələlərinə, həmçinin patent-lisenziya işinə dair informasiya hazırlayır və yayır.
Bunun üçün:
- əməkdaşlara, doktorantlara və tələbələrə innovativ fəaliyyət məsələləri, Azərbaycan Respublikasının və xarici ölkələrin patent qanunvericiliyi, habelə patentləşdirmə, lisenziyaların alınması və satışı məsələləri üzrə məsləhətlər verilir;
- planlaşdırılan elmi-tədqiqat işlərinin beynəlxalq patent təsnifatına uyğunlaşdırılmasında, elmi-tədqiqat işlərinin planlaşdırılmasında, yerinə yetirilməsində və nəticələrin təhlilində əməkdaş, doktorant və tələbələrə metodiki köməklik göstərilir;
- Universitetin bölmələri tərəfindən yeni işlənmələrlə bağlı aparılan elmi-tədqiqat işlərinin nəticələrinin təhlükəsizliyi müəyyən edilir;
- Universitetin əməkdaş, doktorant və tələbələri tərəfindən ixtira səviyyəsində texniki həllər yaradıldıqda, elmi nəticənin məxfi saxlanması məqsədəuyğun olmadıqda, Azərbaycan Respublikasının Əqli Mülkiyyət Agentliyinə iddia edilən ixtira üçün ərizənin verilməsinin mümkünlüyü barədə onlara məsləhətlər verilir;
- iddia edilən ixtiranın mahiyyətini açan məlumatların vaxtından əvvəl dərc edilməsinin və başqa cür açıqlanmasının qarşısını almaq üçün tədbirlər görülür;
- bütün mərhələlərdə tədqiqat və təcrübə-konstruktor işlərinin nəticələrinin dərc edilməsinin mümkünlüyü barədə təhlillər aparılır;
- iddia edilən ixtiraların mühafizə meyarlarına uyğunluğunun ilkin ekspertizasının aparılmasında müəlliflərə köməklik göstərilir;
- ixtiranın, faydalı modelin təsvirinin, ixtiranın və ya faydalı modelin iddia sənədlərinin, onların qısa xülasəsinin tərtibinə köməklik göstərilir, həmçinin onların Əqli Mülkiyyət Agentliyinə göndərilməsi üçün sənədlər paketi formalaşdırılır;
- ixtiralara və digər əqli mülkiyyət obyektlərinə dair ərizə materialları müəyyən edilmiş qaydada Əqli Mülkiyyət Agentliyinə göndərilir, onların qeydiyyatı aparılır və mühafizə sənədi (müvafiq olaraq, patent və ya sertifikat) alınana qədər nəzarət edilir;
- Universitetin patentlər və sertifikatlar ilə qorunan işlərinin sənaye müəssisələrində, Universitetin rəsmi veb səhifəsində və jurnallarda reklam işi həyata keçirilir, ixtira və faydalı modellərin patent kataloqu yaradılır, sərgi və müsabiqələrdə iştirak etmək üçün əsərlər seçilir;
- ixtira və faydalı modellərdən istifadə hüquqlarının (lisenziya müqavilələri) verilməsi haqqında müqavilələr tərtib edilir və Əqli Mülkiyyət Agentliyində qeydiyyata alınır, onların icrasına nəzarət edilir;
- sonradan mübahisələrin həlli ilə Universitetin əqli mülkiyyət obyektlərindən üçüncü şəxslər tərəfindən qeyri-qanuni istifadənin aşkar edilməsi faktlarının ekspertizası aparılır;
- davam edən patent-lisenziyalaşdırma işlərinin uçotu və hesabatları aparılır;
- işlənmələrin texniki səviyyəsini və onların patent qabiliyyətini müəyyən etmək məqsədi ilə kommersiya baxımından perspektivli sahələrdə patent tədqiqatları aparılır.