DÖVLƏTƏ VƏ XALQA XİDMƏT, SEVGİ SİMVOLU

Tarixin yaddaşında əbədi iz qoymaq hər insana nəsib olmayan böyük xoşbəxtlikdir. Bu, yalnız müstəqil Azərbaycanın memarı və qurucusu, görkəmli dövlət xadimi, Ümummilli Lider Heydər Əliyev kimi dahi şəxsiyyətlərin qismətinə düşən müstəsna taledir. Müstəqil Azərbaycan dövlətçiliyinin siyasi, iqtisadi əsaslarını yaratmış, xalqın müstəqil və güclü dövlətə sahib olmaq arzusunu reallığa çevirmiş, fenomen şəxsiyyət kimi çağdaş tariximizdə əbədiyaşarlıq qazanaraq hələ sağlığında canlı əfsanəyə çevrilmiş Ulu Öndərimiz Heydər Əliyevin anadan olmasının 101-ci ildönümünü xalqımız böyük sevgi, qürur və ehtiramla qeyd edir. Məhz dünyamiqyaslı ictimai-siyasi xadim Heydər Əliyevin titanik əməyi, qətiyyəti, möhkəm siyasi iradəsi sayəsində müasir Azərbaycan dövləti qurulub, ölkəmiz dünya məkanında öz layiqli yerini tutub. Ulu Öndər Heydər Əliyev milli inkişafın yeganə yolunu xalqın yüksək təhsil almasında, maariflənməsində görür, respublikada elmin, təhsilin inkişafı üçün bütün zəruri tədbirləri həyata keçirirdi. O, bütün fəaliyyəti boyu bu sahələrə diqqət və qayğısını əsirgəməyib, cəmiyyətdə yüksək bilikli, intellektual təbəqənin formalaşmasına çalışıb.

Ümummilli Lider Heydər Əliyev məzunu olduğu, qürurla “Mən fəxr edirəm ki, Bakı Dövlət Universitetinin məzunuyam” kəlamı ilə adını, şöhrətini zirvələrə ucaltdığı, eyni zamanda, “Azərbaycan xalqının, Azərbaycan Respublikasının milli sərvəti, milli iftixarı” adlandırdığı Bakı Dövlət Universitetinə də hər zaman qayğı ilə yanaşıb. Ulu Öndər istər sovet dövründə, istərsə də müstəqillik illərində Universitetin kadr potensialının, maddi-texniki bazasının güclənməsinə əvəzsiz töhfələr verib. Ümummilli Liderin təhsil illəri və sonralar bu təhsil ocağı ilə sıx əlaqələri BDU-nun şanlı tarixinin bütöv bir mərhələsini təşkil edir. BDU-nun inkişafının son 20 ildəki yeni mərhələsi dahi liderin layiqli davamçısı, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin adı ilə bağlıdır.

Ümummilli Liderin xalqa 1 oktyabr 2003-cü il tarixli müraciəti bugünkü zəfərlərimizin, uğurlarımızın başlanğıcı oldu. Həmin müraciətdə bu inam ifadə edilmişdi: “İnanıram ki, mənim axıra çatdıra bilmədiyim taleyüklü məsələləri, planları, işləri Sizin köməyiniz və dəstəyinizlə İlham Əliyev başa çatdıra biləcək. Mən ona özüm qədər inanıram və gələcəyinə böyük ümidlər bəsləyirəm”. 2003-cü ildə xalqımızın birmənalı dəstəyi ilə Prezident seçilən cənab İlham Əliyev ötən illər ərzində sarsılmaz təməlləri Ulu Öndərimiz Heydər Əliyev tərəfindən qoyulan dövlətçilik siyasətini əzmlə inkişaf etdirərək ölkəmizi dünyanın qüdrətli dövlətlərindən birinə çevirdi.

Müqəddəs ata vəsiyyətini, xalqımızın işğal olunmuş ərazilərimizin azad edilməsi ilə bağlı ən ülvi, ən müqəddəs arzusunu şərəflə yerinə yetirdi. Müzəffər Ali Baş Komandanımız İlham Əliyevin hərbi, siyasi və informasiya cəbhələrindəki mahir sərkərdəliyi, xalqımızın sarsılmaz birliyi, şəhidlərimizin canı, qazilərimizin qanı ilə 30 illik işğal bitdi. Artıq xalqımız azad edilmiş və yenidən qurulmuş, dirçəlmiş ərazilərimizə qayıdışın xoşbəxtliyini yaşayır.

Ulu Öndərin adı tarixdə təkrarolunmaz siyasətçi, qüdrətli dövlət başçısı, əfsanəvi şəxsiyyət kimi qalacaq, parlaq xatirəsi xalqımızın yaddaşında əbədi yaşayacaq. Azərbaycan və Ümummilli Lider Heydər Əliyevin adları əsrlər boyu bütün dünyada qoşa səslənəcək.
Azərbaycan xalqı Ulu Öndərin siyasi kursunun layiqli davamçısı Prezident İlham Əliyevin rəhbərliyi ilə bundan sonra da öz tarixinin yeni, şanlı səhifələrini yazacaq, daha yüksək zirvələr fəth edəcək.