Milli birlik, həmrəylik hər bir xalqın nicat yolu, bütün zəfərlərin açarıdır. 31 dekabr - xalqımızın tarixində ən əlamətdar günlərdən biri - Dünya Azərbaycanlılarının Həmrəyliyi Günüdür!
Xalqımız, eləcə də dünyanın müxtəlif ölkələrində məskunlaşmış soydaşlarımız hər il Dünya Azərbaycanlılarının Həmrəyliyi Gününü böyük həvəs və coşğu ilə qeyd edir. İldən-ilə bu bayramın mənəvi anlamı, tarixi əhəmiyyəti daha da çoxalır. Azərbaycanı özünə tarixi Vətən bilən hər bir şəxsin həmrəylik nümayiş etdirməsi qürurvericidir.
Xalqımızın Ümummilli Lideri Heydər Əliyev 1991-ci il dekabrın 16-da Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri vəzifəsində çalışarkən dünya azərbaycanlılarının birliyini yaratmağın əhəmiyyətini nəzərə alaraq, dekabrın 31-ni Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü elan etdi. Bundan sonra elə həmin il bayramın bütün ölkədə rəsmi qeyd edilməsi barədə Azərbaycan Respublikası Ali Sovetində qərar qəbul olundu. 1992-ci ildən etibarən bu bayram ölkə ərazisində dövlət səviyyəsində qeyd olunmağa başladı.
Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü dünyanın 70-dən çox ölkəsində yaşayan 50 milyondan artıq azərbaycanlı ilə əlaqələr qurmaq, onlar arasında birlik və həmrəylik yaratmaq işində mühüm rol oynayır. Dünya Azərbaycanlılarının Həmrəyliyi Gününün qeyd edilməsi bütün dünya azərbaycanlıları tərəfindən artıq bir zərurətə və mənəvi ehtiyaca çevrilib.
44 günlük Vətən müharibəsi Azərbaycanda formalaşmış milli həmrəyliyin təcəssümü idi. Bu haqq savaşında Azərbaycan xalqının övladları vətənpərvərlik və birlik içində Vətənimizin müdafiəsi, torpaqlarımızın düşmən tapdağından azad olması yolunda öz canlarını sipər etdilər. Vətən müharibəsində şanlı qələbənin qazanılmasında Azərbaycan cəmiyyətindəki yüksək milli birlik, həmrəylik mühüm rol oynadı. Milli birliyimiz sonrakı qələbələrimizə yol açdı. Ötən il sentyabrın 19-da cəmi 24 saat belə davam etməyən antiterror tədbirləri nəticəsində Azərbaycan ərazisində qanunsuz məskunlaşmış Ermənistan ordusu təslim oldu, suverenliyimiz tam təmin olundu. 2023-cü il oktyabrın 15-də isə Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyev Ağdərə, Xocalı, Əsgəran və Xankəndidə üçrəngli bayrağımızı qaldırmaqla tariximizin ən önəmli mərhələsinə nida qoydu.
Azərbaycan xalqını, BDU ailəsini 31 dekabr - Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və qarşıdan gələn yeni 2025-ci il münasibətilə təbrik edir, Vətənimizə işıqlı gələcək, sülh və əmin-amanlıq, hamıya səadət, xoşbəxtlik, uğurlar arzulayırıq!