BİZ QALİB GƏLDİK!

Qeyd edək ki, 44 gün davam edən hərbi əməliyyatlar çərçivəsində Azərbaycan Ordusu Ermənistanın 30 il ərzində qurduğu silahlı qüvvələrini darmadağın edib, Cəbrayıl, Qubadlı, Zəngilan, Füzuli rayonlarını, Xocavənd rayonunun böyük hissəsini, Laçın rayonunun bir sıra kəndlərini işğaldan azad edib.

Sentyabrın 27-si səhər saatlarından etibarən ermənilər Azərbaycanın bütün cəbhə xətti boyu ərazilərində təxribat törədib. Buna cavab olaraq, Azərbaycan Ordusu əks-həmlə əməliyyatına başlayıb. Vətən müharibəsinin 45-ci günündə Azərbaycan Ordusu qələbə çalıb. Qələbəni Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev xalqa müraciət edərək bildirib.

Noyabrın 10-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev xalqa müraciət edərək Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinə son qoyulduğunu bildirib. Prezident İlham Əliyev dəfələrlə bəyan etmişdi ki, Ermənistan qoşunlarının çıxarılması barədə öz üzərinə öhdəlik götürdüyü halda, hərbi əməliyyatlar dayandırılacaqdır. Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev xalqa çıxışı zamanı bildirib ki, Azərbaycan Prezidenti, Rusiya Prezidenti və Ermənistan baş naziri arasında üçtərəfli bəyanat imzalanıb. Bəyanata əsasən, Ermənistan tərəfi ilk öncə Ağdam, Laçın və Kəlbəcər rayonlarından, daha sonra isə işğal altında olan digər rayonlarımızdan silahlı qüvvələrini çıxarmalıdır. Azərbaycan, Rusiya prezidentləri və Ermənistanın Baş nazirinin birgə imzaladıqları bəyanat mahiyyət etibarilə Ermənistanın kapitulyasiyasıdır. Döyüş meydanında məğlubiyyətini dərk edən Ermənistan, Prezident İlham Əliyevin münaqişənin ilk günlərindən bəyan etdiyi şərtləri qəbul etdi və kapitulyasiya şərtlərinə razılığını verdi.

Allah  bütün şəhidlərimizə rəhmət eləsin.

Eşq olsun Azərbaycan xalqına!

Eşq olsun Azərbaycan əsgərinə!

Qarabağ bizimdir!

Qarabağ Azərbaycandır!