BDU-nun nəzdində “Fizika problemləri” ETİ-nin kollektivi İnstitutun Biofizika şöbəsinin aparıcı elmi işçisi, fizika elmləri doktoru, Ağayeva Gülşən Ələkbər qızını yubileyi münasibəti ilə səmimi qəlbdən təbrik edir, ona möhkəm can sağlığı, xoşbəxt ömür, elmi və pedaqoji fəaliyyətlərində yeni-yeni uğurlar arzulayırlar. Ağayeva Gülşən Ələkbər qızı 21 sentyabr 1954-cü ildə Bakı şəhərində anadan olmuşdur. O, 1961-1971-ci illərdə Bakı şəhərinin 23 nömrəli orta məktəbində təhsil almış, 1971-ci ildə BDU-nun Fizika fakültəsinə daxil olmuş, 1977-cı ildə BDU-nu fizik, fizika müəllimi ixtisasları üzrə bitirmişdir. Gülşən xanım 1981-1985-ci illərdə BDU-nun Fizika fakültəsinin Optika və molekulyar fizika kafedrasının dissertantı olmuş, 1986-cı ildə namizədlik dissertasiyasını müdafiə edərək "İstilik fizikası və molekulyar fizika" ixtisası üzrə fizika-riyaziyyat elmləri namizədi elmi dərəcəsini almışdır. O, 1998-ci ildə dosent elmi adını, 2018-ci ildə isə doktorluq dissertasiya işini müdafiə edərək "Molekulyar fizika" ixtisası üzrə fizika elmləri doktoru elmi dərəcəsini almışdır. G. Ağayeva 1978-1980-ci illərdə fizika fakültəsinin "Molekulyar biofizika" Elmi-tədqiqat Problem laboratoriyasinda baş laborant, 1980-1987-ci Elmi-tədqiqat Problem laboratoriyasinda kiçik elmi işçi, 1987-1994-cü illərdə elmi işçi, 1994-1997-ci illərdə böyük elmi işçi, 1997-2005-ci illərdə aparıcı elmi işçi vəzifələrində çalışmışdır. 2005-ci ildən hal-hazıradək BDU-nun nəzdindəki “Fizika problemləri” Elmi-Tədqiqat İnstitutunda aparıcı elmi işçi vəzifəsində çalışır. O, molekulyar biofizika sahəsində elmi tədqiqatlar aparır, həmişə yaradıcı həvəslə tədqiqat layihələri üzərində işləyir və müxtəlif nəzəri hesablama tədqiqatların təşkili və aparılmasında böyük təcrübəyə malikdir. Ağayeva G.Ə. xüsusən dərman əhəmiyyətli peptid molekullarının struktur-funksiya əlaqələri sahəsində uğurlu tədqiqatlar aparır. Respublikamızın və xarici ölkələrin nüfuzlu və reytinqli elmi mətbuatında dərc olunmuş 280-dən çox elmi işin müəllifidir. O, 2020-22 illərdə İstanbul Universitetinin alimləri ilə birlikdə Beynəlxalq elmi qrantın icraçısı olub. Bu qrantın elmi nəticələri yüksək impaktorlu beynəlxalq jurnallarda müvəfəqiyyətlə dərc olunmuşdur. Ağayeva G.Ə. elmi tədqiqatları ilə bərabər eyni zamanda illər boyu pedaqoji fəaliyyətlə də məşqul olmuşdur. Onun rəhbərliyi altında bir çox maqistr və elmlər namizədi yetişmişdir. "BDU-nun 100 illiyi (1919-2019)" Azərbaycan Respublikasının yubiley medalı ilə təltif olunan G.Ə. Ağayeva yüksək insani dəyərləri daşıyan, mükəmməllik arzusu ilə dolu olan açıq, mehriban və diqqətli bir insandır. Elmi müzakirələrin əvəzsiz iştirakçısı, həmkarlarının işinin incəliklərini araşdırmağa və fikirlərini bölüşməyə həmişə hazırdır. O, gözəl düşüncəli həmsöhbət və etibarlı dostdur. İnstitutun kollektivi Ağayeva Gülşən Ələkbər qızını ad günü münasibətilə ürəkdən təbrik edir, ona can sağlığı, uzun mənalı ömür və yeni yaradıcılıq uğurları arzulayır! |
|