BDU-nun həmtəşkilatçılığı ilə Beynəlxalq Arbitraj Yay Məktəbi

İyunun 26-da Bakı Dövlət Universiteti (BDU), Türkiyənin İbn Haldun Universiteti və Türk Arbitraj Akademiyası tərəfindən Türk Dövlətləri Təşkilatının (TDT) dəstəyi ilə Beynəlxalq Arbitraj Yay Məktəbi öz işinə başlayıb.

Açılış mərasimində çıxış edən BDU-nun rektoru Elçin Babayev bildirib ki, Azərbaycanda hüquqi dövlət quruculuğu və müasir hüquq sisteminin yaradılması Ümummilli Lider Heydər Əliyevin adı ilə bağlıdır. Hüquq sahəsində islahatlar, dünya hüquq sisteminə inteqrasiya baxımından ölkəmizdə önəmli tədbirlər həyata keçirilib. Rektor beynəlxalq arbitraj sahəsində təhsil və kadr hazırlığı məsələsinin əhəmiyyətinə toxunub: “Arbitraj hüququ mübahisələrin daha səmərəli həlli üçün əsas addımlardan biridir. Beynəlxalq Arbitraj Yay Məktəbi bu istiqamətdə mövcud olan problemlərin həlli üçün mühüm addım olacaq. Türk Dövlətləri Təşkilatı və akademik dairələrin birgə əməkdaşlığı ilə beynəlxalq hüquq, beynəlxalq kommersiya hüququ, beynəlxalq arbitraj hüququ, mülki və prosessual hüquq sahələri üzrə gənc hüquqşünas kadrların hazırlanması çox faydalıdır”.

Türkiyənin İbn Haldun Universitetinin prorektoru Ali Yeşilırmak layihənin iştirakçılarına uğurlar arzulayıb, təşkilatçılara minnətdarlığını bildirib. O qeyd edib ki, Beynəlxalq Arbitraj Yay Məktəbinin məqsədi sözügedən sahədə gənc hüquqşünaslar hazırlamaq, o cümlədən ayrı-ayrı şəxslər, biznes strukturları və təşkilatların iştirak etdiyi Alternativ Mübahisələrin Həlli Platforması yaratmaq üçün türk dövlətlərindən olan alimləri və praktik hüquqşünasları bir araya gətirməkdir.

TDT-nin baş katibinin müavini Sədi Cəfərov türkdilli dövlətlərin müxtəlif sahələr üzrə əməkdaşlığını yüksək qiymətləndirib və bu əlaqələrin daha da inkişaf etdirilməsinin vacibliyini vurğulayıb. Sədi Cəfərov TDT-nin akademik əməkdaşlıq, türk dövlətləri  universitetləri arasında əlaqələrin genişləndirilməsi, mübadilə proqramlarının yaradılması, elmi tədqiqatların aparılması və məhkəmə-hüquq sahəsində mütəxəssislərin hazırlanması məsələlərinə sadiqliyini də qeyd edib.

Azərbaycan Mediasiya Şurası İdarə Heyətinin sədri Nadir Adilov tədbirin əhəmiyyətinə toxunaraq, BDU-nun rəhbərliyi ilə türkdilli dövlətlərin arbitr üzrə təlim-tədris mərkəzinin yaradılmasını təklif edib. O qeyd edib ki, belə proqramların həyata keçirilməsi mübahisələrin həllinin alternativ üsullarının inkişafına töhfə verə, bu da məhkəmə orqanlarının işini azalda bilər.

Milli Məclisin üzvləri Nizami Səfərov, Ramin Məmmədov, BDU-nun Hüquq fakültəsinin dekanı Zaur Əliyev çıxışlarında beynəlxalq kommersiya və investisiya mübahisələrinin həllində arbitrajın mühüm rolunu vurğulayıb, Beynəlxalq Arbitraj Yay Məktəbinin keçirilməsini türkdilli dövlətlər arasında əməkdaşlığın və dostluğun möhkəmləndirilməsi kimi qiymətləndiriblər.

Beynəlxalq Arbitraj Yay Məktəbi iyunun 30-dək davam edib.