BDU-nun FPİ-nun f.r.e.n., aparıcı elmi işçisi Nelli Nikolayevna Lebedevanı 85 illik yubileyi münasibətilə ilə təbrik edirik!

Nelli Nikolayevna Bakı şəhərində anadan olub və 1945-1955-ci illərdə 23 nömrəli orta məktəbdə təhsil alıb. O, gənc yaşlarından elmə çox böyük maraq göstərib. Bu illərdə o, dərslərinə çox səylə yanaşaraq, böyük uğurlara nail olub. Nəticədə o, 1955-ci ildə orta məktəbi gümüş medalla bitirmişdir. Çox sevdiyi fizika elminı özünə peşə seçmişdir. O,1955-ci ildə öz arzusuna çataraq, Bakı Dövlət Universitetinin Fizika fakültəsinə imtahansız qəbul olunmuşdur. Nelli Nikolayevna tələbəlik illərində də fakültədə elmi tədqiqat işlərinə çox maraq göstərmiş və 1960-cı ildə Bakı Dövlət Universitetini Yarımkeçiricilər fizikası ixtisası üzrə bitirərək, 1961-1964-ci illərdə   Bakı Dövlət Universitetinin Fizika fakültəsinin aspirantı olmuşdur. O, öz elmi-tədqiqat işlərini Ukrayna Elmlər Akademiyasının Kiyev Yarımkeçiricilər Elmi-Tədqiqat İnstitutunda davam etdirmişdir. Elmi-tədqiqat işlərinin nəticəsində o, 1967-ci ildə dissertasiya müdafiə edərək, "Yarımkeçiricilər və dielektriklər fizikası" ixtisası üzrə fizika-riyaziyyat elmləri namizədi elmi dərəcəsini almışdır. Bakıya qayıdaraq, Nelli Nikolayevna 1965-1968-ci illərdə Bakı Dövlət Universitetinin Fizika fakültəsində Yarımkeçiricilər fizikası kafedrasında müəllim vəzifəsində işləmişdir.

O, öz fəaliyyətini tamamilə elmi işlərə həsr edərək, 1968-ci ildən hal-hazıradək BDU-nun Yarımkeçiricilər fizikası Elmi-tədqiqat laboratoriyasında (indiki Fizika Problemləri Elmi-tədqiqat İnstitutu Kondensə olunmuş hal fizikası şöbəsində) kiçik elmi işçi, böyük elmi işçi, sektorun rəhbəri, aparıcı elmi işçi vəzifələrində işləmişdir. 1976–cı ildə  Nelli Nikolayevna böyük elmi işçi elmi adı almışdır. O, elmi fəaliyyətində bir çox problemlərin və proyektlərin həllində böyük uğurlara nail olub. Onun elmi nəticələri yarımkeçirici və seqnetoelektriklərin elektrik və optik xassələrini, yarımkeçirici-qaz boşalması plazması  kontaktında baş verən fiziki hadisələrin həlli məsələlərinə həsr olunmuşdur. Belə ki o, respublika və xarici ölkələrin elmi mətbuatında dərc olunmuş 170-dən çox elmi məqalənin, 4 müəlliflik şəhadətnaməsi və 1 patentin müəllifidir. O,1994-cü ildən Nyu-York Akademiyasının həqiqi üzvüdür.

Nelli Nikolayevna pedaqoji fəaliyyətidə uğurlu olmuşdur və onun rəhbərlik etdiyi qrupda xarici və yerli aspirantlar (Hindistan, Əlcəzair) elmi-tədqiqat işləri aparmışdır. Universitetin əməkdaşı B.G.Salamov isə, onun rəhbərliyi altında namizədlik dissertasiyası müdafiə etmişdir. Çoxillik elmi və pedaqoji fəaliyyətinə görə Lebedeva Nelli Nikolayevna bir neçə dəfə mükatfatlandırılmışdır. O, 2019-cu ildə  “Tərəqqi medalı” və “Bakı Dövlət Universitetinin 100 illiyi (1919-2019)” Azərbaycan Respublikasının yubiley medalı ilə təltif edilmişdir. Beləliklə, elmə olan böyük həvəs və uzun illər boyu çəkdiyi zəhmət Lebedeva Nelli Nikolayevnanı faydalı elmi fəaliyyətə bağladı və bütün bunları mənalı həyat illərinə çevirdi.

BDU-nun Fizika Problemləri İnstitutunun kollektivi Əziz həmkarımızı, istedadlı alim və sevimli dost, Lebedeva Nelli Nikolayevnanı, Yubileyi münasibəti ilə ürəkdən təbrik edir, ona möhkəm can sağlığı, uzun mənalı həyat və yeni elmi nailiyyətlər arzulayır!