BDU-nun Fizika Problemləri ETİ-nin əməkdaşlarının məqaləsi Q2 kvartil kateqoriyalı jurnalda dərc edilmişdir.

Bakı Dövlət Universitetinin nəzdində Fizika Problemləri Elmi-Tədqiqat İnstitutunun “Nəzəri fizika” şöbəsinin aparıcı elmi işçisi, f.-r.e.n. Şahin Məmmədov və kiçik elmi işçisi, f.ü.f.d. Nərmin Hüseynovanın   “AdS/KXD-nin sərt divar modeli çərçivəsində deytronun elektromaqnit form faktorları və tenzor polyarizasiyaları” (Deuteron electromagnetic form factors and tensor polarization observables in the framework of the hard-wall AdS/QCD model) adlı məqaləsi Q2 kvartil kateqoriyalı jurnallar siyahısında yer alan, İF=2,944 olan “Chinese Physics C” jurnalında (Chinese Physics C Vol. 47, No. 1 (2023) 013104) dərc edilmişdir.

Məqalədə AdS/KXD-nin sərt divar modelində deytronun elektromaqnit form faktorları və tenzor polyarizasiyaları tədqiq edilmişdir. Tvist τ = 6 vektor sahəsi üçün hərəkət tənliyi həll edilmiş və profil funksiyası tapılmışdır. Deytronun yük monopol, kvadrupol və maqnit dipol form faktorlarının və tenzor polyarizasiyalarının analitik ifadələri alınmış və ötürülən impulsun kvadratından asılılıqları qurulmuşdur. Göstərilmişdir ki, AdS/KXD-nin sərt divar modelində deytronun elektromaqnit form faktorları və tenzor polyarizasiyalarının ötürülən impulsun kvadratından asılılıqları yumşaq divar modelindəki və təcrübi nəticələrlə uyğundur.

Məqalənin linki: https://iopscience.iop.org/article/10.1088/1674-1137/ac957a