BDU-nun Fizika Problemləri ETİ-nin əməkdaşının məqaləsi Q3 kvartil kateqoriyalı jurnalda dərc edilmişdir.

Bakı Dövlət Universitetinin nəzdində Fizika Problemləri Elmi-Tədqiqat İnstitutunun “Biofizika” şöbəsinin aparıcı elmi işçisi, f.e.d. Gülnara Haqverdiyevanın   “Val-Trp dipeptidinin struktur analizi: Molekulyar mexanika və DFT hesablamaları” (Structural analysis of Val-Trp dipeptide: Molecular mechanics and DFT calculations) adlı məqaləsi Q3 kvartil kateqoriyalı jurnallar siyahısında yer alan, İF=1,45 olan “Bulletin of the Chemical Society of Ethiopia” jurnalında (Bulletin of the Chemical Society of Ethiopia Vol. 37 No. 3 (2023)) dərc edilmişdir.

Məqalədə bioloji aktiv Val-Trp dipeptidi kompüter modelləşdirmə metodlarından istifadə edilməklə tədqiq edilmişdir. Molekulyar mexanika metodu vasitəsilə bu molekulun nəzəri cəhətdən mümkün açıq və bükülü quruluşları üçün iki konformasiya tapılmışdır. Daha sonra Val-Trp dipeptidinin ən stabil konformasiyaları 6-31+G(d,p) metodu ilə DFT/B3LYP nəzəriyyəsindən istifadə edilərək optimallaşdırılmışdır. Həndəsi parametrlər, enerji parametrləri, elektron xassələri, molekulyar elektrostatik potensial (MEP) xəritəsi, HOMO və LUMO enerjiləri, kimyəvi reaktivlik deskriptorları, elektrik dipol momenti və polyarlaşma qabiliyyəti kimi qeyri-xətti optik xüsusiyyətlər hesablanmış və bu molekulun optimallaşdırılmış açıq və bükülü quruluşları üçün müqayisə edilmişdir. Dipeptidin iki xarakterik konformasiyası arasında elektron quruluşdakı fərqlər aşkar edilmişdir. Müəyyən edilmişdir ki, peptid zəncirinin bükülməsi nəticəsində yüklərin yenidən paylanması bu molekulun dipol momentinin azalmasına səbəb olur. Molekuldaxili hidrogen rabitəsinin Val-Trp dipeptidinin həndəsi quruluşuna təsirinə baxılmışdır.

Məqalənin linki: https://dx.doi.org/10.4314/bcse.v37i3.17