BDU-da “Fizikada Müasir Trendlər” mövzusunda VII beynəlxalq konfrans davam edir.

2021-ci ilin 15 dekabr tarixində Bakı Dövlət Universitetində (BDU)  “Fizikada müasir trendlər” mövzusunda VII Beynəlxalq konfransı öz işinə başlayıb. Beynəlxalq konfrans mövcud əməkdaşlıq çərçivəsində Bakı Dövlət Universiteti, Birləşmiş Nüvə Tədqiqatları İnstitutu, İtaliyanın La Sapienza Universiteti, STAR-NET Nüvə Texnologiyaları üzrə Regional Təhsil və Təlim Şəbəkəsi və Macarıstanın Szeged Universitetinin birgə təşkilatçılığı ilə keçirilir.
Konfransın keçirilməsində məqsəd fizika və əlaqəli elm sahələrində yeni prioritet istiqamətləri aşkara çıxarmaq, innovativ və tətbiqi xarakterli istiqamətləri müəyyənləşdirmək, beynəlxalq səviyyəli mütəxəssislərlə təcrübə mübadiləsi aparmaq, gənc tədqiqatçıları elmi araşdırmalara təşviq etmək, elmi-tədqiqat işlərinin nəzəri və tətbiqi cəhətdən əldə olunan mühüm nəticələrini beynəlxalq səviyyədə müzakirə etməkdən ibarətdir.
Üç gün davam edən konfransda Azərbaycandan, həmçinin Türkiyə, Rusiya, İtaliya, Macarıstan, ABŞ, Pakistan, Özbəkistan, Ukrayna, Çin, Gürcüstan və Belçikadan olan tanınmış alimlər məruzələrlə çıxış edirlər. Konfrans materialları tanınmış Web of Science bazasına daxil ediləcəkdir. Konfransda Nəzəri və yüksək enerjilər fizikası, Biofizika, Kodensə olunmuş hal fizikası, Materialşünaslıq və maddə mühəndisliyi, Kosmos elmləri və astrofizika istiqamətləri üzrə müzakirələr aparılır.