Bakı Dövlət Universitetinin FPİ-da “Xocalı soyqırımı ilə əlaqədar olaraq H.Əliyev fikirləri” mövzusunda anım tədbiri keçirilmişdir.

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 29 sentyabr 2022-ci il tarixli sərəncamı ilə Azərbaycan Respublikasında 2023-cü il “Heydər Əliyev İli” elan edilmişdir.

Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin anadan olmasının 100 illiyi ilə əlaqədar BDU-nun Fizika Problemləri ETİ-də silsilə tədbirlərin keçirilməsi nəzərdə tutulmuşdur. Bu tədbirlər çərçivəsində 23.02.2023-cü il tarixində Fizika Problemləri İnstitutunun kollektivinin Xocalı soyqırımı hadisələrinə həsr olunmuş “Xocalı soyqırımı ilə əlaqədar olaraq H.Əliyev fikirləri”  mövzusunda anım tədbiri keçirilmişdir.

Tədbir iştirakçıları əvvəlcə Xocalı soyqırımı qurbanlarının əziz xatirəsini bir dəqiqəlik sükutla yad ediblər.

Əvvəlcə Fizika Problemləri İnstitutunun direktoru S.Rəhimov çıxış etmiş və sonra sözü İnstitutunun həmkarlar təşkilatının sədri Mübariz Məmmədova vermişdir. O çıxışında qeyd etdi ki: 1988-ci ildən başlamış Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi dövründə ən faciəli, tarixdə analoqu çox az olan hadisələrdən biri – Qarabağın ən qədim insan məskənlərindən biri olan Xocalıda baş vermiş soyqırım olmuşdur. Sonra M.Məmmədov 1992-ci il fevralın 25-dən 26-na keçən gecə erməni silahlı dəstələri tərəfindən törədilmiş soyqırım haqqında ətraflı danışmışdır.

Daha sonra Fizika Problemləri İnstitutunun “Biofizika” şöbəsinin a.e.i. Xavər Həsənova çıxış etmişdir. Çıxış edənlər qeyd etdilər ki,  Ümummilli lider Heydər Əliyev 1 mart 1994-cü ildə bu haqda xüsusi Fərman vermişdir. Azərbaycan Respublikasının Milli Məclisinin Qərarı ilə 26 fevral "Xocalı soyqırımı və milli matəm günü" elan olunmuş, bu barədə bütün beynəlxalq təşkilatlara məlumat verilmişdir.

25 fevral 1997-ci ildə "Xocalı soyqırımı qurbanlarının xatirəsinə sükut dəqiqəsi elan edilməsi haqqında" ulu öndər Heydər Əliyev tərəfindən Fərman verilmişdir.

Daha sonra Ş. Məmmədov, R. Musayev, Ş. Ağayev, G.Haqverdiyeva  Xocalı hadisələri haqqında danışdılar.

Allah bütün şəhidlərimizə rəhmət etsin!