Türkiyənin Ankara Sosial Elmlər Universiteti BDU-da sosiokənd sisteminin tətbiqinə dair üçgünlük seminar keçirir
Türkiyənin Ankara Sosial Elmlər Universitetinin nümayəndələri Bakı Dövlət Universitetində (BDU) sosiokənd sistemi və ekosistemin universitetlərdə tətbiqinə dair üçgünlük seminar keçirirlər.
Seminarda BDU-nun Sosial elmlər və psixologiya fakültəsinin dekanı Rövşən Cavadov bildirib ki, sosial elmlər sahəsində hər iki universitet arasında səmərəli əməkdaşlıq mövcuddur. 2023-cü ildə BDU və Ankara Sosial Elmlər Universiteti arasında anlaşma memorandumu və “Erasmus+ K171” mübadilə proqramı imzalanıb. Memorandum çərçivəsində Ankara Sosial Elmlər Universiteti ilə birgə sosial elmi-tədqiqat layihələrinin həyata keçirilməsi qərara alınıb. BDU nümayəndə heyəti Ankara Sosial Elmlər Universitetinin Sosiokəndini ziyarət edib, təcrübəsini öyrənib.
Ankara Sosial Elmlər Universitetinin Sosiokəndinin rəhbəri, professor Erdal Akdeve və Sosiokəndin əməkdaşı, professor Çetin Öndər BDU-nun müəllim və əməkdaşları üçün sosiokənd sistemi və ekosistemin universitetlərdə tətbiqinə dair təqdimat ediblər.
Seminarda BDU-da innovasiya ekosistemi və texnoparkların qurulmasının vacibliyi vurğulanıb. İnnovasiya sahəsində kadr potensialının artırılması, təhsildə sosial innovasiya fəaliyyətinin dəstəklənməsi, innovativ ideyalarını inkişaf etdirmək üçün tələbələrə dəstək göstərilməsi ilə bağlı müzakirələr aparılıb.
Qeyd edək ki, Ankara Sosial Elmlər Universitetinin BDU-da bu istiqamətdə ilk silsilə seminarları ötən ilin iyun ayında keçirilib.