BDU-nun Karyera və məzunlarla iş Mərkəzi “Məzunla görüş” layihəsinə başlayıb
Bakı Dövlət Universitetinin (BDU) Karyera və məzunlarla iş Mərkəzi “Məzunla görüş” layihəsinə start verib. Layihənin məqsədi BDU-nun tələbə və məzunları arasında körpü qurmaq, məzunların təcrübə və biliklərini tələbələrlə paylaşmaqdır. Layihə çərçivəsində 8 mart - Beynəlxalq Qadınlar Günü münasibətilə universitetin xanım tələbələri üçün “Əmək bazarında qadınların rolu” mövzusunda tədbir təşkil edilib.
BDU-nun sosial məsələlər, tələbələrlə iş və ictimaiyyətlə əlaqələr üzrə prorektoru Əliş Ağamirzəyev tədbirdə iştirak edən xanımları əlamətdar gün münasibətilə təbrik edib. Bildirib ki, ölkəmizdə uğurla həyata keçirilən dövlət məşğulluq siyasətinin prioritetlərindən biri də qadınların əmək bazarında iştirak və məşğulluq imkanlarının artırılmasıdır. BDU fəaliyyəti dövründə ölkəmiz üçün 200 mindən artıq yüksəkixtisaslı kadr yetişdirib, onların arasında xanımların özünəməxsus rolu var.
Karyera və məzunlarla iş Mərkəzinin Karyera planlaşdırılması şöbəsinin müdiri Günel Qurbanova tədbirin keçirilməsində məqsədin qadınların peşəkar inkişafına və cəmiyyətdəki roluna diqqət çəkmək, eləcə də müxtəlif sahələrdə uğur qazanan qadınların təcrübələrini bölüşmək olduğunu vurğulayıb.
Daha sonra BDU-nun müxtəlif sahələrdə uğur qazanmış qadın məzunları çıxış ediblər. Ali Məhkəmənin Mülki və kommersiya işləri üzrə məhkəmə təcrübəsi sektorunun müdiri Nazənin Hüseynova “Qadınlar hüquq və mühafizə sistemində”, "İrşad Electronics"in marketinq departamentinin rəhbəri Şəbnəm Hümbətova “Qadınlar marketinq sektorunda”, İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinin proqram tərtibatçısı Günay Vəlibəyli isə “Qadınlar texnologiya sahəsində” mövzularında çıxışlarında tələbələrə şəxsi və peşəkar inkişaf yolundan, qarşılaşdıqları çətinliklərdən və onların aradan qaldırılması yollarından danışıb, onlara faydalı tövsiyələr veriblər.
Daha sonra qadınların əmək bazarında rolu, gender bərabərliyi ilə bağlı fikir mübadiləsi aparılıb.