BDU-da elmi seminar: “Ağıllı polimer materiallar”
Bakı Dövlət Universitetinin (BDU) Kimya fakültəsində professor-müəllim heyətinin, doktorant və magistrantların iştirakı ilə 27 mart – Azərbaycan Respublikasında “Elm günü” ilə bağlı silsilə tədbirlər çərçivəsində elmi seminar keçirilib.
Fakültə dekanı Fuad Kərimli son bir ildə elmi tədqiqatlar sahəsində əldə olunmuş uğurlar haqqında geniş məlumat verib. O bildirib ki, fakültə alimləri tərəfindən ötən il 223 məqalə çap olunub, onlardan 125-i indekslənmiş jurnallardadır. Fakültənin təşkilatçılığı ilə iki qrant layihəsi həyata keçirilir. Fakültə alimlərinin 11 mühüm elmi nəticəsi AMEA-nın əldə olunmuş mühüm nəticələri sırasına daxil edilib. BDU və Satbayev adına Qazax Milli Tədqiqat Texniki Universiteti (QMTTU) arasında 2021-ci ildə imzalanmış müqaviləyə əsasən ”Neft kimyası” ixtisaslaşması üzrə magistratura səviyyəsində birgə ikili diplom proqramı həyata keçirilir. BDU-da 2 fevral - Azərbaycan Gəncləri Gününə həsr olunmuş “İlin gənc alimi” müsabiqəsinin nəticələrinə əsasən, fakültənin Zərif üzvi sintez elmi-tədqiqat laboratoriyasının elmi işçisi Gülnar Atakişiyeva yüksək elmi nəticələri ilə seçildiyi üçün təşəkkürnamə və pul mükafatı ilə təltif edilib. Gənclərin elmə marağının artırılması məqsədilə fakültənin tələbələri beynəlxalq və respublika olimpiadalarında iştirak edirlər. Fakültə tələbələri Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 101-ci ildönümünə və BDU-nun 105 illik yubileyinə həsr olunmuş Fizika, Riyaziyyat, Kimya, Biologiya və Coğrafiya fənləri üzrə Respublika Olimpiadasında I, II və III yerlərə layiq görülüblər.
Tədbirdə Yüksək molekullu birləşmələr kimyası kafedrasının müdiri Rasim Alosmanov “Ağıllı polimer materiallar” mövzusunda məruzə edib. O, müxtəlif stimullara cavab verən həssas polimerlərin əsas növləri, onların müasir dövrdəki rolu və perspektivləri, eləcə də kafedrada bu istiqamətdə aparılan elmi-tədqiqat işləri haqqında ətraflı məlumat verib.
Tədbir iştirakçıların suallarının cavablandırılması ilə yekunlaşıb.