Anım tədbiri keçirilmişdir

16.01.2025-ci il tarixində BDU-nun nəzdində “Fizika problemləri” ETİ-nin kollektivinin 20 Yanvar - Ümumxalq Hüzn Gününə həsr olunmuş anım tədbiri keçirilmişdir.

Tədbir iştirakçıları əvvəlcə 20 yanvar şəhidlərinin əziz xatirəsini bir dəqiqəlik sükutla yad ediblər.

Əvvəlcə “Fizika problemləri” ETİ-nin direktor müavini N.Dərvişov çıxış etmiş və sonra sözü İnstitutunun həmkarlar təşkilatının sədri Mübariz Məmmədova vermişdir. M.Məmmədov 20 yanvar faciəsi barədə, bəzi tarixi faktları sadalamış və tədbir iştirakçılarına bu haqda geniş məlumat vermişdir. Qeyd edilmişdir ki, 1994-cü il martın 29-da ümummilli lider Heydər Əliyevin təşəbbüsü ilə 20 Yanvar faciəsinə Azərbaycan Respublikasının ali qanunvericilik orqanı – Milli Məclis səviyyəsində ilk dəfə hüquqi-siyasi qiymət verilib.

Milli Məclisin həmin qərarında deyilir: “Azərbaycanda vüsət tapmış milli azadlıq hərəkatını boğmaq, demokratik və suveren bir dövlət yaratmaq amalı ilə ayağa qalxan xalqın inam və iradəsini qırmaq, milli mənliyini alçaltmaq və belə bir yola qədəm qoyan hər hansı xalqa sovet hərb maşınının gücünü nümayiş etdirmək məqsədilə 1990-cı il yanvarın 20-də Sovet Silahlı Qüvvələrinin Bakı şəhərinə və respublikanın bir neçə rayonuna yeridilməsi, nəticədə haqq və ədalətin müdafiəsi naminə küçələrə çıxmış silahsız adamların qəddarcasına qətlə yetirilməsi Azərbaycan xalqına qarşı totalitar kommunist rejimi tərəfindən hərbi təcavüz və cinayət kimi qiymətləndirilsin”.

Daha sonra İnstitutun direktoru S.Rəhimov, Biofizika şöbəsinin böyük elmi işçisi Xavər Həsənova, İnstitutun kargüzarı Sədaqət Abduləzizova 20 yanvar hadisələri haqqında danışdılar.

Allah bütün şəhidlərimizə rəhmət etsin!