Abdus Salam adına Beynəlxalq Nəzəri Fizika Mərkəzinin direktoru professor Fernando Quevedo Bakı Dövlət Universitetinə rəsmi səfərə gəlib

Abdus Salam adına Beynəlxalq Nəzəri Fizika Mərkəzinin direktoru professor Fernando Quevedo Bakı Dövlət Universitetinə rəsmi səfərə gəlib və seminarda məruzə ilə çıxış  edib

İtaliyanın Triest şəhərində yerləşən Abdus Salam adına Beynəlxalq Nəzəri Fizika Mərkəzinin (ICTP) direktoru, elementar zərrəciklər və yüksək enerjilər fizikası sahəsində tanınmış nəzəriyyəçi-alim, Kembric Universitetində professoru Fernando Quevedonun Bakı Dövlət Universitetinə rəsmi səfərdə olub. Səfərin əsas məqsədi Bakı Dövlət Universiteti ilə Beynəlxalq Nəzəri Fizika Mərkəzi arasında sıx elmi əlaqələrin qurulması, müxtəlif elm sahələrində, xüsusilə də fizika və riyaziyyatın nəzəri və tətbiqi məsələləri üzrə birgə elmi-tədqiqat işlərinin təşkili və planlaşdırılması, ikitərəfli əməkdaşlıq çərçivəsində magistrlar, gənc alim və tədqiqatçılar üçün daha geniş auditoriyanı əhatə edəcək beynəlxalq layihələrin və proqramların təşkili imkanlarının müzakirəsidir. Bu məqsədlə iki qurum arasında əməkdaşlığa dair Anlaşma Memorandumu imzalanıb. Memorandumu rektor Elçin Babayev və Beynəlxalq Nəzəri Fizika Mərkəzinin direktoru Fernando Quevedo imzalayıb.
Daha sonra Fernando Quevedo Bakı Dövlət Universitetində keçirilən seminarda tələbə və professor-müəllim heyəti qarşısında “Kainatın fundamental nəzəriyyəsinin axtarışı” mövzusunda məruzə ilə çıxış etmişdir.
Bu seminarda həmçinin Fizika Problemləri İnstitunun baş elmi işçisi Mais Süleymanov “Bakı Dövlət Universitetində Yüksək Enerjilər fizikası (M.Süleymanov, Ş.Ağayev)” mövzusunda çıxış etmişdir.