Abay Kunanbayevin 175 illik yubileyinə həsr olunmuş tədbir

     

                                                   Abay Kunanbayevin 175 illik yubileyinə
                                                          həsr olunmuş tədbir                                     

Bu gün Bakı Dövlət Universitetində (BDU) türk dünyasının ən önəmli şəxsiyyətlərindən biri, qazax şairi, yazıçısı, bəstəkarı, müasir qazax yazılı ədəbiyyatının banisi, filosof, böyük ictimai xadim və maarifçi Abay Kunanbayevin 175 illik yubiley tədbirlərinin və 2020-ci ilin türk dünyasında “Abay Kunanbayev ili”nin açılış mərasimi keçirilib.
Tədbir Beynəlxalq Türk Akademiyası (BTA), Azərbaycan Respublikası Təhsil Nazirliyi (TN), Bakı Dövlət Universiteti, L.Qumilyov adına Avrasiya Milli Universiteti, Qazaxıstanın Azərbaycandakı Səfirliyinin birgə təşkilatçılığı ilə baş tutub. Açılış mərasimində Beynəlxalq Türk Akademiyasının rəhbərliyi və nümayəndələri, Azərbaycan, Qazaxıstan, Qırğızıstan və Türkiyə təhsil nazirlərinin müavinləri və təmsilçiləri, beynəlxalq təşkilatların rəhbərləri, üzv ölkələrin Bakıdakı səfirləri, müxtəlif ölkələrdən nüfuzlu alimlər və ictimai xadimlər iştirak edib.
Tədbirdən öncə qonaqlar  BDU nəzdində fəaliyyət göstərən Abay Kunanbayev adına Qazax dili, tarixi və mədəniyyəti mərkəzini ziyarət edib, kitab sərgisi ilə tanış olublar. BTA prezidenti D.Kıdırali tərəfindən 60-dək kitab, o cümlədən Abaya həsr olunan və Akademiya tərəfindən nəşr olunan azərbaycanlı tədqiqatçı Turan Teymurovun “Muxtar Auezovun “Abay” romanında sənətkarlıq məsələləri”, qazax alim Mekemtas Mırzaxmetulının yazdığı “Muxtar Auezov Abayşünas alim”,  “Abayı oxu, öyrən...”  və “Müdrik Abay mirasını öyrənmənin 125 illik tarixnaməsi”kitabları Mərkəzə təqdim olunub.
Mərasim Universitetin Böyük akt zalında davam edib.
BDU-nun rektoru Elçin Babayev Abay Kunanbayevin qazax və türk dünyası ədəbiyyatındakı rolundan bəhs edib. Rektor Türkdilli xalqların ortaq mədəniyyətlərinin, ədəbiyyatlarının, eləcə də tarixi şəxsiyyətlərinin tanınmasına xidmət edən bu səpkili tədbirlərin milli dəyərlərin inteqrasiyasını təmin etdiyini bildirib. Rektor əsərləri dünyanın bir çox dillərinə tərcümə olunan Abayın dünyagörüşünün formalaşmasında humanist ideyaları təbliğ və tərənnüm edən Şərq alim və şairləri - Füzuli, Nizami, Firdovsi, Əlişir Nəvai kimi görkəmli şəxsiyyətlərlə yanaşı Höte, Krılov, Bayron kimi Qərb mütəfəkkirlərin də rolu olduğunu qeyd edib. E. Babayev nitqində qeyd edib ki, BDU-da “Abay” kitabının təqdimat mərasimi, Qazax xanlığının yaranmasının 550 illiyi və Abay Kunanbayevin 170 illik yubileyi münasibətilə beynəlxalq konfrans keçirilib. Eyni zamanda bildirib ki, Universitetin bir neçə fakültəsində qazaxıstanlı tələbələr təcrübə keçiblər.
Azərbaycan Respublikası Təhsil nazirinin müavini Məhəbbət Vəliyeva türkdilli ölkələr arasında əməkdaşlığın yüksələn xətlə inkişafının Azərbaycan üçün vacibliyindən bəhs edib. Qeyd edib ki, Türk dünyası üçün böyük xidmətləri olan şəxslərin həyatlarının öyrənilməsi qarşıda duran əsas məqsədlərdən biridir. M. Vəliyeva böyük şəxsiyyətlərin yubileylərinin keçirilməsi gənc nəslin maariflənməsində böyük rol oynadığını və "Abay İli"nin Azərbaycanda qeyd edilməsinin ölkələrimiz aralarında əlaqələri daha yüksəklərə daşıyacağına əminliyini vurğulayıb.
Mərasimdə çıxış edən Beynəlxalq Türk Akademiyasının prezidenti Darxan Kıdırali, AMEA-nın birinci vitse-prezidenti, akademik İsa Həbibbəyli, Türkdilli Dövlətlərin Parlament Assambleyasının Baş katibi Altınbek Mamayusupov, Beynəlxalq Türk Mədəniyyəti Təşkilatı – TÜRKSOY-un Baş katibinin müavini Bilal Çakıcı, Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti Günay Əfəndiyava çıxış ediblər.
Azərbaycan Yazıçılar Birliyinin sədri, Xalq yazıçısı Anar, tanınmış qırğız türkoloq, professor Kadırali Konkobayev,  Türkiyənin Avrasiya Yazarlar Birliyinin başqanı Yakup Öməroğlu, Qazaxıstan Respublikası Avrasiya Milli Universitetinin professoru, türkoloq Amantay Şaripin Abay Kunanbayevin həyat və yaradıcılığına həsr olunmuş məruzələri dinlənilib.
Mərasim bədii hissə ilə davam edib. Qazaxıstanın əməkdar artisti, professor Kenjeqali Mırjıkbayı və onu müşayiət edən musiqiçi, beynəlxalq mükafatlar laureatı Elena Sahnonun çıxışları maraqla qarşılanıb.