Bu gün xalqımızın çoxəsrlik tarixinə qızıl hərflərlə yazılan şanlı gündür. 8 Noyabr – Zəfər Günümüz.
2020-ci il sentyabrın 27-də mənfur erməni qəsbkarlarının növbəti hərbi təcavüzünə cavab olaraq Müzəffər Ali Baş Komandanımız İlham Əliyevin rəhbərliyi ilə başlayan əks-hücum əməliyyatları 30 il işğal altında olan ərazilərimizin azadlığı uğrunda ölüm-dirim savaşına çevrildi. Dünya hərb tarixinə qızıl hərflərlə yazılan, haqqında əsrlərlə danışılacaq 44 günlük Vətən müharibəsinin ilk anlarından Müzəffər Ali Baş Komandanımızın verdiyi müdrik və cəsarətli qərarlar sayəsində düşmənin müdafiə xətti yarıldı. Düşmən böyük itkilər verərək geri çəkilməyə məcbur oldu. İldırımsürətli müharibə planı ilə hərəkət edən peşəkar, cəsur Azərbaycan ordusu döyüşlərin başladığı ilk gündə strateji Murov zirvəsində, Füzulidə, Cəbrayılda, sonrakı günlərdə isə Suqovuşanda, Hadrutda, Xocavənddə, Zəngilanda, Qubadlıda üçrəngli bayrağımızı ucaltdı.
Noyabr ayının 8-də Qarabağın ürəyi Şuşanın, cəmi bir gün sonra isə 72 yaşayış məntəqəsi və 8 strateji yüksəkliyin azad olunması ilə Ali Baş Komandanımızın rəhbərlik etdiyi müzəffər Ordumuz düşməni növbəti dəfə böyük məğlubiyyətə uğratdı və onu kapitulyasiya aktını imzalamağa məcbur etdi. Bununla da Azərbaycanın dünya birliyi tərəfindən tanınan ərazi bütövlüyü təmin olundu. 30 illlik müharibə ölkəmizin parlaq qələbəsi ilə başa çatdı.
Və nəhayət, ötən ilin sentyabrında heç 24 saat belə çəkməyən lokal antiterror əməliyyatı ilə düşmənin silahlı dəstələri və separatçı rejimin qalıntıları tamamilə darmadağın edildi.
Oktyabrın 15-də Azərbaycan Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyev tərəfindən əzəli torpaqlarımız olan Xankəndi, Xocavənd, Xocalı, Ağdərə şəhərlərində, eləcə də Əsgəran qəsəbəsində üçrəngli bayrağımız əbədi ucaldıldı və suverenliyimiz bərpa olundu.
Cənab Prezidentimiz, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin vurğuladığı kimi, indi artıq Dağlıq Qarabağ münaqişəsi yoxdur! Bu qələbə xalqımızın tarixində qazanılmış ən böyük qələbə, ən uca zəfərdir.
Zəfər ovqatlı xalqımız hər zaman qələbə ruhunda, müdrik, başıuca və yenilməz xalq kimi əbədi yaşayacaq! Qarabağımız və Şərqi Zəngəzurumuz isə dünyanın ən cənnət guşələrindən birinə çevrilməkdədir. Möhtərəm Prezidentimiz İlham Əliyevin misilsiz fəaliyyəti nəticəsində işğaldan azad edilmiş torpaqlarımızda genişmiqyaslı bərpa və quruculuq işləri aparılır. Doğma torpaqlarımıza həyat qayıdır.
Xoşbəxt xalqıq ki, Zəfər Günümüzün dördüncü ildönümünü vahid, suveren, azad Vətənimizin hər bir qarışında qeyd edirik. Prezidentimiz, Müzəffər Ali Baş Komandanımız cənab İlham Əliyevin rəhbərliyi ilə Zəfər tariximiz yazılmağa davam edir.
Zəfər Günümüz mübarək olsun!