70 illik yubileyiniz mübarək olsun hörmətli, Qəzənfər müəllim!

BDU-nun nəzdində Fizika Problemləri ETİ-nin kollektivi İnstitutun Biofizika şöbəsinin aparıcı elmi işçisi, kimya üzrə fəlsəfə doktoru, dosent Qəzənfər Müzəffər oğlu Bayramovu 70 illik yubileyi münasibəti ilə səmimi qəlbdən təbrik edir, ona möhkəm can sağlığı, xoşbəxt ömür, elmi və pedaqoji fəaliyyətlərində yeni-yeni uğurlar arzulayırlar.
Bayramov Qəzənfər Müzəffər oğlu 25 iyul 1953-cü ildə Naxçıvan MR-nın Sədərək kəndində anadan olmuşdur. 1970-ci ildə Sədərək kənd orta məktəbini bitirmişdir. O, 1971-ci ildə Bakı Dövlət Universitetinin kimya fakültəsinə qəbul olmuşdur. 1972-1974-cü illərdə ordu sıralarında həqiqi hərbi xidmətdə olmuşdur. 1980-ci ildə Bakı Dövlət Universitetinin kimya fakültəsini bitirmişdir.
1976-1980-ci illərdə təhsil almaqla yanaşı Universitetin hərbi kafedrasında tədris ustası vəzifəsində çalışmışdır. 1981-ci idən Bakı Dövlət Universitetinin Tələbə Elmi Tədqiqat Konstruktor Bürosunda (TETKB) mühəndis-konstruktor, kiçik elmi işçi və böyük elmi işçi vəzifələrində çalışmışdır. 1990-1999-cu illərdə BDU-nun Maye kristallar Elmi-Tədqiqat Laboratoriyasında böyük elmi işçi, 1999-2005-ci illərdə isə aparıcı elmi işçi vəzifəsində çalışmışdır. 2005-ci ildən BDU-nun Fizika Problemləri Elmi Tədqiqat İnstitutunda çalışır. Hazırda həmin institutun Biofizika şöbəsində aparıcı elmi işçi vəzifəsində çalışır.
Qəzənfər Bayramov 1990-cı ildə “Smektik maye kristallar əsasındakı kompozisiyaların fiziki-kimyəvi xassələri” mövzusunda “Fiziki kimya” ixtisası üzrə dissertasiya işini müdafiə edərək kimya elmləri namizədi alimlik dərəcəsi almışdır. Ona 2009-cu ildə Azərbaycan Respublikası Prezidenti yanında Ali Attestasiya komissiyası tərəfindən “Fiziki kimya” ixtisası üzrə dosent elmi adı verilmişdir.
Qəzənfər Bayramovun elmi tədqiqat sahəsi: Müxtəlif funksional xarakterli maye kristal nanokompozitlərin tədqiqi; yarımkeçirici-maye kristal və məsaməli silisium-maye kristal sistemlərində baş verən proseslərin tədqiqi; bioloji sistemlərin analoqu olan obyektlərdə baş verən proseslərin tədqiqindən ibarətdir. Onun 220-dən çox dərc edilmiş elmi əsəri, o cümlədən xaricdə dərc olunmuş elmi əsərlərinin sayı 80, Beynəlxalq bazalarda indeksləşən jurnallarda (Thomson Reuters, Veb of Science, Scopus və s.) dərc olunan elmi əsərlərinin sayı 22, Patentlərinin sayı 5 (biri Avrasiya Patenti olmaqla) 50-dən çox Beynəlxalq elmi konfrans və simpoziumlarda elmi tezislərlə iştirak etmişdir. O, magistrantlar üçün 2 kitabın və 20-yə qədər fənn proqramlarının müəllifidir.
O, 2000-2001-ci tədris ilindən BDU-nun Fiziki və kolloid kimya kafedrasında əvəzçiliklə dərs yükü aparır. Bu müddət ərzində 10-dan çox magistr dissertasiyasına və 20-yə qədər buraxılış işinə rəhbərlik etmişdir.
2012-ci ildən 2018-ci ilədək AMEA-nın Fizika İnstitutunda əvəzçiliklə 0,5 ştat böyük elmi işçi vəzifəsində çalışmışdır.
2013-cü ildə İxtiraçılıq üzrə “I Respublika Müsabiqəsi”ndə Avrasiya patenti ilə 3-cü yer tutmuşdur.
2009-cu ildə Bakı Dövlət Universitetinin 90 illik yubileyi münasibətilə Rektor tərəfindən Fəxri Fərmanla təltif edilmişdir.
2014-cü ildə “Sabahın alimləri” III Respublika müsabiqəsində mukafata layiq görülmüş lisey şagirdlərinə elmi rəhbərlik etdiyinə görə rəhbərlik tərəfindən Fəxri Fərman ilə təltif edilmişdir.
2018-ci ildən Fizika Problemləri ETİ-nin Elmi şurasının üzvüdür.
2006-cı ildən Fizika Problemləri institutu həmkarlar təşkilatının büro üzvüdür.
O, 2023-cü ildən AR Prezidenti yanında AAK-nın Kimya üzrə (Analitik kimya, Üzvi kimya, Fiziki kimya) BDU-da təşkil edilmiş elmlər doktoru və fəlsəfə doktoru elmi dərəcəsi almaq üçün ED 2.16 saylı müdafiə şurasının üzvüdür.

Qəzənfər Bayramov aşağıdakı elmi qrant layihələrində rəhbər və ya icraçı olmuşdur:

1.  Bayramov Q.M. 2007-2010-cu il tarixində UETM-nin Avropa Komitəsi tərəfindən maliyyələşdirilmiş 4172-saylı “Yeni foton cihazlarının yaradılması üçün kolloid-maye kristal kompozitlərin optiki xassələrinin tədqiqi” mövzusunda yerinə yetirilmiş qrant layihəsinin rəhbəri olmuşdur. Proyekt AMEA-nın Fizika İnstitutu ilə birgə yerinə yetirilmişdir.
2.  Bayramov Q.M. AMEA-da 2010-2012-ci illərdə yerinə yetirilmiş  Ф10АЗ-004 nömrəli “Ətraf  mühitin monitorinqi  üçün  kicik  zərrəcik - maye  kristal  əsasında  orta İQ diapozonda işləyən idarə olunan dispersiya filtirlərinin işlənib hazırlanması” mövzusunda  Belarusiya - Azərbaycan  birgə qrant layihəsinin  iştirakçısı olmuşdur.
3.  Bayramov Q.M. 01.02.2011-31.07.2012-cu il tarixində UETM-nin ABŞ tərəfindən maliyyələşdirilmiş 5352-saylı “Nanostrukturlaşdırılmış maye kristal sistemləri əsasında idarə olunan yeni işıq mənbələrinin işlənib hazırlanması” mövzusunda yerinə yetirilmiş qrant layihəsinin iştirakçısı olmuşdur.
4.  Bayramov Q.M. (01.10.2012-01.07.2013). BDU-nun Universitetdaxili 50+50 qrant nominasiyası çərçivəsində "Maye kristal və polimer nanozərrəcikləri əsasında kompozitlərin işlənib hazırlanması və fiziki-kimyəvi xassələrinin tədqiqi" mövzusunda fundamental-tətbiqi xarakterli layihəsi ilə qalib olmuşdur.
5.  Bayramov Q.M. (01.10.2014-01.07.2015). BDU-nun Universitetdaxili 50+50 qrant nominasiyası çərçivəsində "Optiki tətbiqi üçün idarə olunan maye kristal nano-kolloidlərin əsasında kompozitlərin alınması" mövzusunda fundamental-tətbiqi xarakterli layihəsi ilə qalib olmuşdur.
6.  Bayramov Q.M. (01.10.2018-01.06.2019). BDU-nun Universitetdaxili 50+50 qrant nominasiyası çərçivəsində "Yeni maye kristal kompozitlərin alınması və öyrənilməsi" mövzusunda fundamental-tətbiqi xarakterli layihəsi ilə qalib olmuşdur.
2019-cu ildə 40 ildən çox bir müəssisədə səmərəli və qüsursuz əmək fəaliyyətinə görə ona Əmək veteranı adı verilmişdir.
2019-cu ildə Qəzənfər Bayramov Elm və təhsilin inkişafı sahəsində yüksək nailiyyətlər əldə etdiyinə, bu sahənin inkişafına xüsusu töhfə verdiyinə Universitetin sosial-mədəni inkişafında fəal iştirak etdiyinə görə “Bakı Dövlət Universitetinin 100 illiyi (1919-2019) Azərbaycan Respublikasının yubiley medalı” ilə təltif edilmişdir.