28 May - Müstəqillik Günümüz mübarək!

26.05.2023-cü il tarixində BDU-nun nəzdində Fizika Problemləri ETİ-də Azərbaycan xalqının Ümummilli Lideri, Heydər Əliyevin anadan olmasının 100 illiyi ilə əlaqədar tədbirlər çərçivəsində İnstitutun iclası keçirilmişdir. Əvvəlcə İnstitutun kollektivi Azərbaycanın müstəqilliyi uğrunda canlarından keçmiş şəhidlərin və Azərbaycan xalqının Ümummilli Lideri, müasir Azərbaycan dövlətinin memarı Heydər Əliyevin əziz xatirəsini bir dəqiqəlik sükutla yad etmişlər.

Fizika Problemləri İnstitutunun direktoru S.Rəhimov çıxış etmiş və qeyd etmişdir ki, 28 May tarixi 1990-cı ildən ölkəmizdə Respublika Günü- dövlət bayramı kimi qeyd edilir. Müstəqillik Günü 1991-ci ildən 2021-ci ilədək Respublika Günü adlandırılıb. Azərbaycan parlamentinin 15 oktyabr 2021-ci il tarixli plenar iclasında isə “Müstəqillik Günü haqqında” yeni qanun qəbul edilib. Elə həmin gün də Prezident İlham Əliyev tərəfindən "Müstəqillik Günü haqqında" qanun təsdiqlənib. Qanunun təsdiqlənməsi ilə 28 May - Respublika Gününün adı dəyişdirilərək Müstəqillik Günü elan edilib.

Daha sonra sözü İnstitutunun həmkarlar təşkilatının sədri Mübariz Məmmədova vermişdir. O qeyd etmişdir ki, 1918-ci il mayın 28-də müsəlman Şərqində ilk dünyəvi demokratik dövlət olan Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasından 105 il ötür. Azərbaycan Xalq Cümhuriyyəti türk və islam dünyasında ilk parlamentli respublika və ilk demokratik, hüquqi və dünyəvi dövlət nümunəsidir. 28 May tarixi 1990-cı ildən ölkəmizdə Respublika Günü dövlət bayramı kimi qeyd edilir.

Bu gün xalqımız Müstəqillik Gününü bir başqa ovqatda, fərqli hisslərlə - qalib ölkənin vətəndaşları kimi qeyd edir. 2020-ci il 27 sentyabr tarixindən başlanan Zəfər yolu xalqımızın tarixinə qızıl hərflərlə yazıldı. Şanlı Ordumuzun, Ali Baş Komadanımız İlham Əliyevin azad olunmuş əzəli torpaqlarımızda, müqəddəs Şuşa şəhərində qaldırdığı üçrəngli bayrağımız tarixi torpaqlarımızda qürurla dalğalanır.