26 iyun - Azərbaycan Respublikası Silahlı Qüvvələri Günüdür

Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin 26 iyun 1918-ci il tarixli qərarı ilə ölkəmizdə ilk Əlahiddə Azərbaycan Korpusu yaradılmış, bununla Azərbaycan Silahlı Qüvvələrinin təməli qoyulmuşdur. Həmin ilin avqust ayının 1-də Hərbi Nazirlik təsis olunmuşdur. Beləliklə də uzun müddət hərb sənətindən, ordu quruculuğundan məqsədli şəkildə uzaq salınmış xalqımız tarixi ənənələri bərpa etmiş, sıralarında millətimizin ən cəsur oğullarının cəmləşdiyi milli ordumuz yaradılmışdır.

Azərbaycan dövlət müstəqilliyini bərpa etdikdən sonra milli ordu quruculuğuna yenidən başlanılmışdır. Ölkəmizdə bütün sahələrin inkişafı kimi peşəkar ordu quruculuğu da Ümummilli Lider Heydər Əliyevin adı ilə bağlıdır. Ulu Öndərin ardıcıl səyləri, dərin bilik və bacarığı, sərkərdəlik məharəti nəticəsində peşəkar ordunun formalaşdırılması prosesinə başlanılmışdır. Heydər Əliyev tarixi ənənələrə hörmət, varislik prinsiplərinə sədaqətlə yanaşaraq silahlı qüvvələr gününün tarixinin qeyd edilməsinə də yenidən baxmış və ədaləti pərpa etmişdir. Ulu Öndər Heydər Əliyevin 22 may 1998-ci il tarixli Fərmanı ilə məhz Xalq Cümhuriyyəti dövründə - 1918-ci ildə Əlahiddə Azərbaycan Korpusunun yarandığı gün, yəni 26 iyun kimi təsdiq edilmiş, tarixi varislik prinsipi qorunmuşdur. 1998-ci ildən etibarən hər il 26 iyun Azərbaycanda Silahlı qüvvələr Günü kimi rəsmi dövlət bayramı səviyyəsində qeyd olunur.

2003-cü ildən ölkəmizə uğurla rəhbərlik edən, Ulu Öndərimiz Heydər Əliyevin siyasi varisi, layiqli davamçısı İlham Əliyevin Prezidentliyi dövründə ölkə həyatının bütün sahələrində sürətli inkişafa, davamlı tərəqqiyə nail olunmuşdur. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin ardıcıl səyləri nəticəsində bu illər ərzində ölkəmizdə ordu quruculuğu özünün ən yüksək inkişaf səviyyəsinə çatmışdır. Ölkə başçısının düşünülmüş siyasəti, məharətli idarəçilik səriştəsi sahəsində Azərbaycan silahlı qüvvələri yüksək maddi-texniki təchiz olunmuş, ən müasir silahlarla silahlanmış, peşəkar ordu kimi formalaşmışdır.

Bu gün Qafqazda ən müasir ordu hesab olunan Azərbaycan Milli Ordusu Hərbi Hava və Hava Hücumundan Müdafiə, Hərbi Dəniz və Quru qoşunlarından ibarətdir. Bu qoşun növləri potensial rəqiblə qırıcı və bombardmançı təyyarələrlə effektiv mübarizə aparmaq iqtidarındadır. MDB çərçivəsində Azərbaycan hava hücumundan müdafiə qüvvələrinə malik ən güclü ölkələrdən sayılır. Büdcə vəsaiti ildən-ilə artırılan Azərbaycan Silahlı Qüvvələrinin buna müvafiq olaraq hərbi imkanları da genişlənir.

Qalib Milli Ordumuzun bütün əsgər və zabitlərini, eləcə də bütün xalqımızı 26 İyun - Silahlı Qüvvələr Günü münasibətilə təbrik edirik.

Yaşasın Müzəffər Azərbaycan Ordusu!