20 YANVAR - ÜMUMXALQ HÜZN GÜNÜ

Vətən yolunda şəhidlik əsl qeyrət, hünər, şərəf və ləyaqət zirvəsidir. Ulu öndər Heydər Əliyev 1990-cı ilin 20 Yanvar gecəsi məhz belə bir zirvəni fəth edib əbədiyaşarlıq hüququ qazanan Vətən oğullarının fədakarlığını yüksək qiymətləndirərək deyib: “20 Yanvar şəhidlərinin qəhrəmanlığı Azərbaycan xalqı üçün, Azərbaycan gəncləri üçün örnəkdir. Azərbaycanın bugünkü nəsli də, gələcək nəsilləri də bu şəhidlərin qəhrəmanlığından nümunə götürəcəklər. Azərbaycan xalqının milli azadlığını qorumaq üçün, müstəqilliyini qorumaq üçün daim mübarizədə olacaqlar. Daim qəhrəmanlıq nümunələri, vətənpərvərlik nümunələri göstərəcəklər. Ona görə də bu şəhidlərin həlak olması bizim üçün nə qədər qəm-qüssə doğurursa, nə qədər ağır itkidirsə, o qədər də xalqımız üçün qəhrəmanlıq nümunəsi kimi, örnək kimi bizim milli sərvətimizdir, milli iftixarımızdır”.

Milli birlik və vətənpərvərliyin simvoluna çevrilmiş 20 Yanvar faciəsi xalqımızın öz suverenliyi uğrunda apardığı mübarizənin şərəfli tarixidir. Hər il faciənin ildönümündə milyonlarla insan paytaxtın ən yüksək nöqtəsində salınan Şəhidlər Xiyabanını ziyarət edir, qəhrəmanlarının xatirəsini anır. Şəhidlərin əziz xatirəsini dərin ehtiramla yad edərkən ümummilli liderimiz Heydər Əliyevin bu fikirləri bir daha yada düşür: “20 Yanvar faciəsində həlak olanlar xalq qəhrəmanlarıdır, onlar millətimizin qəhrəmanlarıdır. Onların həlak olması bizim üçün, xalqımız üçün böyük itkidir. Ancaq eyni zamanda onların şəhid olması xalqımızın qəhrəmanlıq rəmzidir. Onların tökülən qanı bütün xalqımızın qanıdır. O qanın hər damcısında xalqımızın qüdrəti, qəhrəmanlığı var, xalqımızın milli azadlıq, müstəqillik arzuları vardır. O gecə tökülən qanlar Azərbaycanın müstəqilliyini nümayiş etdirən milli bayrağımızın üstündəki qandır”.

 Allah şəhidlərimizə rəhmət eləsin