18 Oktyabr - Müstəqilliyin Bərpası Günüdür

18 oktyabr Azərbaycan xalqının tarixinə şərəf, qürur və iftixar hissilə yazılmış müqəddəs bir gündür. Həmin gün Azərbaycan xalqı XX əsrdə ikinci dəfə öz dövlətçiliyinin varlığını bəşəriyyətə bəyan etdi.

Tarix dəfələrlə sübut edib ki, müstəqilliyi qoruyub saxlamaq onu qazanmaqdan qat-qat çətindir. Gərək sınaqlara hazır olasan, hər bir əziyyətə və çətinliyə dözməyi bacarasan. Tale elə gətirdi ki, Azərbaycan bir əsrdə iki dəfə müstəqillik əldə etmək, özünün suveren dövlətini yaratmaq imkanı qazandı. Təəssüf ki, birinci imkan xarici müdaxilə, daxili çəkişmələr və beynəlxalq təminatın olmaması səbəblərindən itirildi. 1918-ci ildə qurulmuş Azərbaycan Xalq Cümhuriyyəti cəmi 23 ay yaşadı. İkinci tarixi imkan bir də 70 il sonra yarandı. Sovet imperiyasının dağılması Azərbaycan xalqına öz milli müstəqilliyini bərpa etmək imkanı verdi.

1991-ci il oktyabrın 18-də Azərbaycan Respublikası Ali Sovetinin sessiyasında “Azərbaycanın dövlət müstəqilliyi haqqında Konstitusiya Aktı” qəbul olundu. Bu mühüm tarixi sənədlə xalqımız uzun illərdən bəri həsrətində olduğu azadlığına qovuşdu.

İndi müstəqilliyimizin siyasi və iqtisadi sütunları getdikcə möhkəmlənir. Xalqın öz dövlətçiliyi sarıdan heç bir narahatçılığı yoxdur. Müstəqilliyin taleyini müəyyənləşdirən əsas amillər qorunub saxlanır, inkişaf etdirilir. Dövlətçiliyin möhkəmləndirilməsinə, iqtisadiyyatın inkişafına, milli-mənəvi dəyərlərin qorunub saxlanmasına eyni dərəcədə diqqət verilir.

Azərbaycan bu gün həm siyasi, həm də iqtisadi cəhətdən dünyanın qüdrətli dövlətlərindən birinə çevrilib. İqtisadi artım tempinə görə ölkəmiz nəinki regionda, həm də dünyada lider mövqeyə çatıb. Regionda heç bir irimiqyaslı layihə Azərbaycanın iştirakı və razılığı olmadan həyata keçirilmir. “Əsrin müqaviləsi” çərçivəsində reallaşan “Bakı-Tbilisi-Ceyhan” Əsas İxrac Boru Kəməri artıq neftimizi dünya bazarına çıxarır. Bu kəmər həm Cənubi Qafqazda təhlükəsizliyin təmin olunmasında, həm də xalqımızın daha firavan yaşamasında mühüm rol oynayır.

Müstəqilliyimiz əbədi olsun!