15 İyun – Milli Qurtuluş Günüdür

Azərbaycan xalqının, dövlətinin taleyində böyük ictimai, siyasi və tarixi əhəmiyyətə malik 15 İyun – Milli Qurtuluş Günündən 31 il ötür.

Bəzi tarixi günlər xalqın gələcəyini müəyyən edən böyük başlanğıcların əsasını qoyur, onun taleyini tənəzzüldən tərəqqiyə və rifaha istiqamətləndirir. Ümummilli Liderimiz Heydər Əliyevin adı ilə bağlı olan Milli Qurtuluş Günü xalqımızın və dövlətimizin tarixində məhz belə müstəsna əhəmiyyətə malikdir.

Hazırda azad Qarabağımız müstəqil dövlətimizin gücü və potensialı ilə yenidən cənnətə çevrilir, doğma Vətənimiz günbəgün inkişaf edir. Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Qarabağda, Şərqi Zəngəzurda möhtəşəm quruculuq işləri həyata keçirilir. Xalqımız əmindir ki, Cənubi Qafqaz regionunun lider dövləti olan Azərbaycan bundan sonra da böyük uğurlar qazanacaq, öz qüdrətini daha da artıracaq. Çünki ölkəmizin İlham Əliyev kimi qətiyyətli, güclü siyasi iradəyə malik, xalqının və dövlətinin maraqlarını əzmlə, cəsarətlə müdafiə edən Prezidenti var. Tezliklə Qarabağ və Şərqi Zəngəzur dünyanın ən gözəl guşələrindən birinə çevriləcək və bu, tariximizə daha bir uğur səhifəsi kimi yazılacaq.

Xalqımız əmindir ki, müstəqil Azərbaycan Ulu Öndər Heydər Əliyevin ideyaları, Prezident İlham Əliyevin rəhbərliyi ilə daha yüksək zirvələr fəth edəcək!