10 noyabr - Dünya Elm Günüdür.

10 noyabr Ümumdünya Elm Günü UNESCO-nun qərarı ilə təsis edilmişdir. 2001-ci ildə UNESCO-nun baş konfransının 31-ci sessiyası 10 noyabr gününü “Sülh və inkişaf naminə Ümumdünya elm günü” elan etmişdir.

İlk dəfə 2002-ci il noyabrın 10-da keçirilən Ümumdünya Elm Günü həmin vaxtdan etibarən hər il bütün dünyada qeyd olunur. Məqsəd beynəlxalq və milli səviyyədə elmin rolunu yüksəltmək, eləcə də elmin nəticələrinin cəmiyyətin dinc və sabit inkişafına təsirini artırmaqdır. Davamlı cəmiyyətin yaradılmasında elm və alimlər mühüm rol oynayır, vətəndaşların elmi nailiyyətlər haqqında məlumatlandırılması və bu proseslərdə iştirakı isə vacib amillərdəndir.

Bu gün elm və təhsil sahəsində yüksək ixtisaslı kadrların hazırlanması, cəmiyyətdə elmi işçilərin nüfuzunun artırılması istiqamətində bir sıra mühüm qərarların qəbul edilməsi ən aktual məsələlərdəndir. Azərbaycanın milli məhsulda elm və təhsilin çəkisini artırması, kapital resurslarının zəngin elmi bazaya, kadr potensialına yönləndirilməsi kimi mühüm addımlar atması elm və təhsil sahəsində yeni yanaşmalara, bu istiqamətdə nailiyyətlərin genişləndirilməsinə münbit şərait yaradır.

Ölkəmizdə elmin inkişaf etdirilməsində, yüksək ixtisaslı elmi və elmi-pedaqoji kadrların hazırlanmasında Bakı Dövlət Universiteti də aparıcı rol oynayır. Universitetdə aparılan struktur islahatları, təhsil və elmi-tədqiqata göstərilən xüsusi yanaşma və diqqət, həmçinin, mütəmadi olaraq təşkil edilən elmi konfranslar və seminarlar, elmi konfrans və seminarlara tələbələrin və gənc tədiqatçıların cəlb olunması, elmi konfransların təşkilat komitəsində gənclərin yer alması son illər BDU-nun əməkdaşlarının beynəlxalq bazalarda indekslənmiş jurnallarda dərc olunan məqalələrin həm sayının, həm də məqalələrə edilən istinadların sayının artmasına səbəb olmuşdur.