BDU-da peyk məlumatlarının süni intellekt texnologiyaları ilə emalına həsr olunmuş elmi seminar

Bakı Dövlət Universitetinin (BDU) Fizika və Geologiya fakültələrinin “Şəhərsalma və Memarlıq İli”nə həsr olunmuş birgə elmi seminarı keçirilib.
Seminarda Elm və Təhsil Nazirliyi Fizika İnstitutunun əməkdaşları Rüstəm Rüstəmov və Ceyhun Quliyev “Peyk məlumatları emalı mühiti/süni intellekt platforması” mövzusunda məruzə ilə çıxış ediblər.
Məruzədə Yerin kosmosdan tədqiqi, kosmik texnologiyaların müasir imkanları və bu texnologiyaların elmi-tətbiqi sahələrdə yaratdığı üstünlüklər haqqında geniş məlumat verilib. Eyni zamanda peyk verilənlərinin emalı prosesində atmosfer və digər xarici təsirlərin rolu, bu təsirlərin aradan qaldırılması üçün tətbiq olunan metod və yanaşmalar nümayiş etdirilib.
Seminarda Qarabağ bölgəsində torpaq şoranlığının peyk verilənləri əsasında aparılmış təhlillərinin nəticələri təqdim olunub. Həmçinin Xəzər dənizi sahil zolağının monitorinqi üzrə həyata keçirilmiş tədqiqat işləri barədə məlumat verilib. Bildirilib ki, tədqiqatlar Yerin kosmosdan məsafədən öyrənilməsi texnologiyaları vasitəsilə aparılıb və nəticələrin dəqiqliyinin artırılması məqsədilə süni intellekt imkanlarından istifadə olunub.
Seminarın sonunda mövzu ətrafında geniş müzakirələr aparılıb, iştirakçıları maraqlandıran suallar cavablandırılıb.