viza və qeydiyyat

 

 

VİZA Onlayn müsahibədə iştirak etmiş və Qəbul Komissiyası tərəfindən seçilmiş müraciətçilər Azərbaycan Respublikası ərazinə təhsil vizasının əsasında daxil olmalıdırlar. Əcnəbi vətəndaşlar “ASAN Viza” sistemindən istifadə edərək təhsil vizasını əldə edə bilərlər.

  • “ASAN Viza” sistemi vasitəsilə verilən elektron vizaların rəsmiləşdirilməsi proseduru Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi tərəfindən həyata keçirilir. “ASAN Viza” sistemi vasitəsilə 3 iş günü müddətində verilən elektron vizasında ölkədə qalma müddəti 30 günədək müəyyən edilir və 20 ABŞ dolları məbləğində dövlət rüsumu alınır.
  • Həmçinin “ASAN Viza” sistemi üzərindən qeyri-iş və bayram günlərindən asılı olmayaraq 3 saat ərzində sürətləndirilmiş viza rəsmiləşdirilməsi imkanı təmin edilmişdir. Bu xüsusda, əcnəbilər və vətəndaşlığı olmayan şəxslər evisa.gov.az internet səhifəsinə daxil olduqda, ətraflı məlumatı alaraq, elektron viza üçün müraciət edə bilərlər.
  • 2018-ci ilin 15 may tarixindən etibarən Azərbaycan Respublikasının qanunlarında, Azərbaycan Respublikası Prezidentinin aktlarında və Azərbaycan Respublikasının dövlətlərarası və ya hökumətlərarası müqavilələrdə nəzərdə tutulmuş hallarda əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə Azərbaycan Respublikasının beynəlxalq hava limanlarında vizaların verilməsi “ASAN Viza” sistemi vasitəsilə elektron qaydada həyata keçirilir.


Elektron viza yalnız siyahıda qeyd olunan ölkələrin vətəndaşlarına rəsmiləşdirilir. 

Elektron viza verilən ölkələrin siyahısı

 

 

QEYDİYYAT Əcnəbilər  və  vətəndaşlığı  olmayan  şəxslər  Azərbaycan  Respublikasının ərazisində müvəqqəti  yaşamaq  icazəsinin  alınması  (müddətinin uzadılması)  üçün aşağıdakı sənədləri təqdim etməlidirlər:

  • nümunəsi Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən təsdiq edilmiş ərizə-anket;
  • pasportun və ya digər sərhədkeçmə sənədinin surəti (pasportun və ya digər sənədin etibarlılıq müddəti verilməsi nəzərdə tutulan müvəqqəti yaşama icazəsinin müddətinin bitməsi tarixindən azı 3 ay artıq olmalıdır);
  • doğum haqqında şəhadətnamənin və ya ona bərabər tutulan digər sənədin notariat qaydasında təsdiq olunmuş surəti (pasportu olmayan 18 yaşına çatmayan şəxslər üçün);
  • müvəqqəti yaşamaq üçün icazənin verilməsinə əsas olan halların mövcudluğunu notariat qaydasında və ya ona bərabər tutulan qaydada təsdiq edən sənəd (siyahını buradan əldə edə bilərsiniz);
  • Miqrasiya Məcəlləsinin 45.1.1-ci (Azərbaycan Respublikasının vətəndaşı ilə yaxın qohumluq münasibətlərində olduqda) və 45.1.5-ci (Azərbaycan Respublikasının ərazisində müvəqqəti və ya daimi yaşayan əcnəbi və ya vətəndaşlığı olmayan şəxslərin ailə üzvləri olduqda) maddələrində göstərilən əsaslarla əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə müvəqqəti yaşamaq üçün icazənin verilməsi ilə bağlı həmin maddələrdə nəzərdə tutulmuş ailə üzvünün və ya yaxın qohumun notariat qaydasında təsdiq edilmiş razılıq ərizəsi;
  • müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilən təhlükəli yoluxucu xəstəliklərin siyahısında nəzərdə tutulmuş xəstəlik virusu daşıyıcısı olmaması haqqında arayış;(insanın immunçatışmazlığı virusu infeksiyası, B və C hepatitləri təhlükəli yoluxucu xəstəlikləri)
  • Azərbaycan Respublikasının ərazisində müvəqqəti olma və ya müvəqqəti yaşama hüququ verən sənədin surəti;
  • iqtisadiyyat, sənaye, hərbi, elm, mədəniyyət, idman və digər sahələr üzrə yüksək səviyyəli mütəxəssis olan əcnəbiləri və vətəndaşlığı olmayan şəxsləri Azərbaycan Respublikasına dəvət edən idarə, müəssisə və təşkilatın əsaslandırılmış vəsatəti;
  • 3,5x4,5 sm ölçüdə iki ədəd fotoşəkil;
  • qeydiyyata alınacağı yaşayış sahəsinin sənədi (mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış, order, icarə (kirayə) müqaviləsi və ya Azərbaycan Respublikasının qanunvericiliyində nəzərdə tutulmuş digər sənəd);
  • əcnəbiyə və ya vətəndaşlığı olmayan şəxsə yaşayış sahəsi verən şəxsin ərizəsi (əcnəbinin və ya vətəndaşlığı olmayan şəxsin mülkiyyətində yaşayış sahəsinin olduğu hallar istisna olmaqla);
  • əcnəbiyə və ya vətəndaşlığı olmayan şəxsə yaşayış sahəsi verən şəxsin şəxsiyyətini təsdiq edən sənədinin surəti (əcnəbinin və ya vətəndaşlığı olmayan şəxsin mülkiyyətində yaşayış sahəsinin olduğu hallar istisna olmaqla);
  • dövlət rüsumunun ödənilməsi barədə sənəd.

Qeyd: Dövlət rüsumunun ödənilməsi barədə sənəd Azərbaycan Respublikasının ərazisində müvəqqəti yaşamaq üçün icazə vəsiqəsi əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə təqdim edildiyi zaman verilir. Bu Məcəllənin 47.5-ci maddəsində (Əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin Azərbaycan Respublikasının ərazisində müvəqqəti yaşamaq üçün icazə verilməsi ilə bağlı müraciətlərinə müvafiq icra hakimiyyəti orqanının rəyi nəzərə alınmaqla, “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən ödədiyi dövlət rüsumunun məbləğinə müvafiq olaraq həmin qanunda nəzərdə tutulmuş müddətdə baxılır) nəzərdə tutulan müddətin sonuncu günündən 30 gün ərzində dövlət rüsumu ödənilmədikdə, müvafiq icra hakimiyyəti orqanı müvəqqəti yaşama icazəsini ləğv edir.

Link:  https://migration.gov.az/az/page/73