TƏDQİQAT, İNKİŞAF VƏ İNNOVASİYALAR ÜZRƏ MÜKƏMMƏLLİK MƏRKƏZİ

     Mərkəzin fəaliyyətinin əsas məqsədi öz istedad və imkanlarına güvənən innovativ, yaradıcı tədqiqatçıları araşdırmalara cəlb etmək, elm və təhsildə islahatlara əsaslanan təkmilləşdirmə işlərini həyata keçirmək, təhsil-tədqiqat-innovasiya əlaqələrini təmin etməklə əmək bazarının tələblərinə uyğun kreativ düşüncəli mütəxəssislər hazırlamaq və  elmi-tədqiqat nəticələrinin kommersiyalaşdırılmasına nail olmaqdır. Mərkəzin əsas xüsusiyyətlərindən biri odur ki, o, təkcə BDU-nun tələbələri və əməkdaşları üçün deyil, həm də ölkənin bütün yüksəkixtisaslı tədqiqatçıları və istedadlı tələbələri üçün açıqdır. 
     Mərkəzin əsas tədqiqat istiqamətləri neft-qaz sənayesi, mədənçıxarma, enerji və fizika, astrokosmik və atmosfer tədqiqatları, aqrar sektor, ərzaq və qida təhlükəsizliyi, biomühəndislik, hüceyrə kulturası, genom tədqiqatları, ekologiya, rəqəmsallaşma və digər tətbiq oluna biləcək sahələr üzrə  mövcud və yarana biləcək problemlərin innovativ həll variantlarının işlənib hazırlanmasıdır.  Qeyd edək ki, hal-hazırda sənayedə mövcud olan bir çox elmi problemlər və onlar üçün lazım olan sınaqlar Respublikada mövcud olan laboratoriyaların imkanlarını aşdığından Avropa, ABŞ və digər inkişaf etmiş ölkələrdə yerləşən laboratoriyalarda həllini tapmaq məcburuyyətindədir. Tədqiqat, İnkişaf və İnnovasiyalar üzrə Mükəmməllik Mərkəzi (TİİMM) kimi elmi mərkəzlər artıq Azərbaycanda bu tip sınaqları həyata keçirməyə imkan verir.  
     BDU TİİMM Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) ilə əməkdaşlıq edərək dövlət, özəl və sənaye sektorları arasında tərəfdaşlıq əlaqələrinin inkişafına dəstək verir. Bu məqsədlə, tələbələr və gənc tədqiqatçılar arasında innovativ sahibkarlığı təşviq etmək üçün KOBİA-nın dəstəyi ilə BDU-da İnkubasiya və akselerasiya Kollabı fəaliyyət göstərir. Yeni yaradılmış BDU “BUILD”  Məhdud Məsuliyyətli Cəmiyyəti isə KOBİA ilə birlikdə tələbələr və tədqiqatçılara Mərkəzin infrastrukturundan istifadə etmək, startaplar və biznes ideyaları üçün “biznesdə nəzəriyyə” prinsipini həyata keçirmək, bununla da elmi-tədqiqatı kommersiyalaşdırmaq imkanını yaradaraq texnologiyaların transferi ofisi kimi fəaliyyət göstərir.