ŞÖBƏ HAQQINDA

Bakı Dövlət Universitetində beynəlmiləlləşmə fəaliyyətində idarəetmənin optimallaşdırılması və təkmilləşdirilməsi, beynəlxalq əməkdaşlıq sahəsində effektivliyin artırılması, əcnəbi vətəndaşların Universitetdə qəbulu, təhsilinin təşviqi və tədrisin beynəlxalq standartlara uyğun təşkili məqsədi ilə BDU rektorunun 20 oktyabr 2019-cu il tarixli R-121 nömrəli əmri ilə Xarici tələbələrlə iş üzrə dekanlıq ləğv edilmiş və onun bazasında Xarici tələbələrlə iş şöbəsi yaradılmışdır.

Xarici tələbələrlə iş şöbəsi əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin Universitetə qəbul prosesinin təşkili, təhsilə təşviqi və cəlb edilməsi, ölkə ərazisinə daxil olmalarının qanuniləşdirilməsi (dəvət məktubu, viza), yaşayış yeri ilə təmin olunması, ölkədə müvəqqəti yaşamanın rəsmiləşdirilməsi (qeydiyyat), əcnəbi təhsilalanlarla bağlı məlumatların təhlili və hesabatların hazırlanması, eləcə də xarici tələbələrin təhsili zamanı yaranan çətinliklərin araşdırılması istiqamətində fəaliyyət göstərən inzibati struktur bölmədir. 

Şöbə öz fəaliyyətində Azərbaycan Respublikasının qanunlarını, Azərbaycan Respublikasının Miqrasiya Məcəlləsini, Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələri, “Təhsil haqqında” Azərbaycan Respublikasının Qanununu, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01 may 2015-ci il tarixli 125 nömrəli Qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikası vətəndaşlarının xarici ölkələrdə, əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin Azərbaycan Respublikasında təhsil alması Qaydaları”nı, Azərbaycan Respublikası Nazirlər Kabinetinin və Elm və Təhsil Nazirliyinin müvafiq qərar, əmr, qaydalarını, habelə Universitetin Nizamnaməsini, Elmi Şurasının qərarlarını, rektorun əmrlərini və Universitetin Strateji İnkişaf Planını rəhbər tutur. 

Əcnəbi tələbələrin mövcudluğu, onların say və keyfiyyət göstəriciləri, əcnəbi məzunların fəaliyyət istiqamətləri və əldə etdikləri nailiyyətlər Bakı Dövlət Universitetinin beynəlxalq rəqabət qabiliyyətinin artırılmasında, ölkədaxili və beynəlxalq reytinqlərdə mövqeyinin möhkəmləndirilməsində, eləcə də Azərbaycan təhsilinin ixracyönümlülüyünun göstəricisi kimi  əhəmiyyət kəsb edir.

 

Şöbənin əsas məqsədləri:

  • BDU-nun beynəlxalq təhsil məkanına inteqrasiyasının genişləndirilməsi istiqamətində fəaliyyət;
  • BDU-da təhsil alan əcnəbi tələbələrin akademik mobilliyinin artırılmasına yönəlmiş şəraitin yaxşılaşdırılması;
  • Universitetin beynəlxalq təhsil arenasında müasir ali təhsil müəssisəsi kimi imicini formalaşdırması;
  • Əcnəbi tələbələr üçün ölkədə əlverişli sosial-psixoloji mühitin yaradılması.

 

Şöbənin əsas funksiyaları:

  • Əcnəbi tələbələrin qəbul sayının artırılması məqsədilə yerli və beynəlxalq təşkilatlar, agentliklər və diplomatik nümayəndəliklərlə əlaqələrin qurulması;
  • Beynəlxalq təhsil sərgilərində iştirakın təmin edilməsi;
  • Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi, Azərbaycan Respublikası Xarici İşlər Nazirliyi və Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin müvafiq strukturları ilə əməkdaşlığın həyata keçirilməsi;
  • Əcnəbi məzunlarla əlaqələrin yaradılması və inkişaf etdirilməsi.

     

Şöbənin əsas vəzifələri:       

  • Xarici universitetlər, təşkilatlar və fiziki şəxslərlə bağlanmış müqavilələrə uyğun olaraq Universitetdə əcnəbi vətəndaşların təhsilinin təşkili ilə bağlı məsələlərin həllinin təmin edilməsi;
  • Əcnəbi vətəndaşlara Universitetdə təhsil almaq, eləcə də Azərbaycan və rus dillərini xarici dil kimi öyrənmək üçün hazırlıq kurslarına qəbul məsələləri ilə bağlı məsləhətlərin verilməsi və təşkilati köməkliyin göstərilməsi;
  • Universitet tərəfindən göstərilən təhsil xidmətləri haqqında məlumatlılığın artırılması və yeni əcnəbi tələbələrin cəlb edilməsi üçün şəraitin yaradılması;
  • Əcnəbi tələbələrin universitetə və ölkəyə uyğunlaşmasına dəstəyin göstərilməsi;
  • Universitetə yeni qəbul olunmuş əcnəbilər üçün məlumat günlərinin təşkili, onların Universitetin xidmətləri və daxili qaydaları ilə tanış edilməsi;
  • Əcnəbi tələbə klubunun və əcnəbi məzunlar birliyinin yaradılması, eləcə də fəaliyyətinin təmin edilməsi;
  • Əcnəbi tələbələr üzrə vahid məlumat bankının formalaşdırılması və mütəmadi yenilənməsi;
  • Universitetdə təhsil alan əcnəbi tələbələrə sosial, pedaqoji və psixoloji yardımın təşkil edilməsi;
  • Əcnəbi tələbələrin Azərbaycan Respublikası ərazisində qalması ilə əlaqədar prosedur məsələlərin (pasport, viza və miqrasiya qeydiyyatı) icrasının təmin edilməsi;
  • Əcnəbi tələbələrin tədris prosesində yaranan problemlərin həlli məqsədilə Universitetin struktur bölmələri, tələbə təşkilatları və Universitetdən kənar qurumlarla qarşılıqlı əlaqələrin qurulması və saxlanılması;
  • Əcnəbi tələbələrin asudə vaxtlarının səmərəli təşkili;
  • Əcnəbi tələbələrin istək, təklif və şikayətləri haqqında BDU-nun idarəetmə strukturlarına məlumatlandırılması və həmin məsələlərin həlli istiqamətində müvafiq tədbirlərin görülməsi.