Mütəmadi verilən suallar

Əcnəbilər və vətəndaşlığı olmayan şəxslər tərəfindən Bakı Dövlət Universitetində  təhsil ilə bağlı mütəmadi verilən suallar:

Əcnəbi vətəndaşların BDU-ya qəbulu necə aparılır?

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 125 nömrəli 1 may 2015-ci il tarixli Qərarı ilə təsdiq olunan “Azərbaycan Respublikası vətəndaşlarının xarici ölkələrdə, əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin Azərbaycan Respublikasında təhsil alması Qaydaları” ilə tənzimlənir. Qərarın 3.5-ci bəndinə əsasən əcnəbilərin müvafiq təhsil səviyyəsi üzrə hazırlığı və tədris dilini bilmə səviyyəsi seçdikləri təhsil müəssisəsi tərəfindən yoxlanılır və təhsil müəssisəsinin müəyyən etdiyi tələblərə uyğun gəldikləri halda onların təhsil müəssisəsinə qəbulu rəsmiləşdirilir.

Daimi yaşama icazəsi (DYİ) vəsiqəsi olan əcnəbi vətəndaş Dövlət İmtahan Mərkəzinin (DİM) imtahanlarında iştirak etmədən əcnəbi vətəndaş kimi birbaşa ali təhsil müəssisələrinə qəbul üçün müraciət edə bilərmi?

AR NK-nin 01.05.2015-ci il tarixli 125 nömrəli Qərarının 1.2-ci bəndinə əsasən bu Qaydalar Azərbaycan Respublikasında daimi yaşayan əcnəbilərə şamil edilmir. Həmin şəxslər ölkə daxilində Azərbaycan Respublikasının vətəndaşları ilə eyni əsaslarla təhsil hüququna malikdirlər.


İkili vətəndaşlığı olan şəxslər əcnəbi vətəndaş kimi qəbul ola bilərlərmi?

“Azərbaycan Respublikasının vətəndaşlığı haqqında” Azərbaycan Respublikasının Qanununun 10-cu maddəsinə əsasən Azərbaycan Respublikasının vətəndaşı olan şəxsin ikili vətəndaşlığı olduqda (Azərbaycan Respublikası vətəndaşlığı ilə yanaşı, digər dövlətin (dövlətlərin) vətəndaşı olduqda) həmin şəxsin xarici dövlətin vətəndaşlığına mənsubiyyəti, Azərbaycan Respublikasının beynəlxalq müqavilələrində nəzərdə tutulmuş və ya Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndinə müvafiq surətdə həll edilmiş hallar istisna olmaqla tanınmır. Şəxslər digər Azərbaycan Respublikası vətəndaşları kimi Dövlət İmtahan Mərkəzinin təşkil etdiyi imtahanlarda iştirak etmək yolu ilə ali təhsil müəssisələrinə qəbul oluna bilərlər.

Qaçqın statusuna malik şəxsi əcnəbi kimi qəbul edə bilərikmi?

İkili vətəndaşlığı olmamaq şərti ilə əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin, eyni zamanda, qaçqın statusu rəsmi təsdiqlənmiş şəxslərin əcnəbi kimi qəbulu mümkündür.

Qəbul üçün hansı sənədlər tələb olunur?

- seçdikləri ixtisas, tədris dili və təhsilalma forması göstərilməklə, təhsil müəssisəsinin rəhbərinin adına ərizə (ərizə elektron formada da təqdim edilə bilər);
- əvvəlki təhsil pilləsində (səviyyəsində) keçdiyi fənlər və həmin fənlərdən aldıqları qiymətləri göstərən və müvafiq qaydada leqallaşdırılmış (və ya apostil olunmuş) təhsil haqqında sənədin (sənədlərin) və onun Azərbaycan dilinə tərcüməsinin notariat qaydada təsdiq edilmiş surəti (surətləri);
- sağlamlıq, o cümlədən QİÇS, Hepatit B və C viruslarının daşıyıcısı olmaması haqqında arayış; - etibarlı sərhədkeçmə sənədi;
- 3x4 ölçüdə 6 ədəd fotoşəkil; - tədris dilindən imtahan verilməsi barədə sertifikat (mövcud olduğu halda);
- fəxri təltiflər, sertifikatlar, diplomlar və digər bu kimi sənədlərin surətləri (mövcud olduğu halda).
 
IELTS, TOEFL imtahan nəticələrim olduğu halda iddiaçının dil biliyi yenidən yoxlanılacaqmı?

Tədrisin ingilis dilində aparıldığı ixtisaslar üzrə təhsil almaq istəyən əcnəbilər ingilis dili üzrə beynəlxalq imtahan formalarının birindən yetərli bal topladığı halda (bakalavriat səviyyəsi üçün IELTS 5.0 bal, TOEFL 40 bal, sonrakı təhsil səviyyələri üçün IELTS 5.5 bal, TOEFL 50 bal), dil biliklərinin yoxlanılmasından azad olunurlar.

Əcnəbilər tədris dilini dəyişmədiyi halda, dil biliklərinin yoxlanılmasından azad olunurlarmı?

Bəli, aşağıdakı iki kateqoriyadan olan əcnəbilər:

  1. Azərbaycan Respublikasının təhsil müəssisəsində təhsil alıb növbəti təhsil pilləsində və ya səviyyəsində təhsil almaq üçün müraciət edənlər;
  2. Yerləşdiyi dövlətin qanunlarında nəzərdə tutulmuş tələblərə cavab verən təhsil müəssisələrinin əvvəlki təhsil səviyyəsi üzrə məzunları.

Təhsil almaq üçün müraciət edən əcnəbi tələbənin attestatına və ya digər ölkədə bitirmiş olduğu universitetin diplomuna apostil vurulmalıdırmı?

Öncəki təhsil sənədinin müvafiq qaydada leqallaşdırılması tələb olunur.
 
Pandemiya dövründə təhsil almaq üçün müraciət edən tələbələr sənədlərin orijinallarını necə təqdim etməlidirlər?

Sənədlərin ilkin qaydada elektron qəbulu, müraciətlərin onlayn qiymətləndirilməsi həyata keçirilir. Şəxs təhsil yerinə gəldikdə universitet tərəfindən qanunvericiliyə uyğun olaraq sənədlər tələb olunmalıdır.
 
Milliyyətcə Azərbaycanlı olan, məktəbi Azərbaycanda bitirən və DİM imtahanından kəsilən xarici vətəndaşın sənədlərini əcnəbi tələbə kimi qəbul edilə bilərmi?

Şəxsin ATM-ə əcnəbi vətəndaş kimi qəbulu onun milliyyəti və məktəbi harda bitirməsindən asılı olaraq deyil, vətəndaşlığına əsasən müəyyənləşdirilir. Şəxsin ikili vətəndaşlığı və ya AR vətəndaşlığına mənsubiyyəti yoxdursa, əcnəbi kimi ali təhsil müəssisəsinə qəbul oluna bilər. Eyni zamanda DİM imtahanlarında iştirak etmək istəyən əcnəbi vətəndaşlardan Müvəqqəti Yaşama İcazəsi (MYİ) vəsiqəsi və ya Daimi Yaşama İcazəsi Vəsiqəsi (DYİ) tələb edilir. DYİ vəsiqəsi ilə DİM imtahanında iştirak edən müraciətçi əcnəbi vətəndaş kimi qəbul edilə bilməz. Həmin şəxslər ölkə daxilində Azərbaycan Respublikasının vətəndaşları ilə eyni əsaslarla təhsil hüququna malikdirlər.
 
Ali təhsil müəssisəsində hazırlıq keçən tələbə yenidən hazırlıqda təhsilini davam edə bilərmi?

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2015-ci il 1 may tarixli 125 nömrəli Qərarı ilə təsdiq olunmuş “Azərbaycan Respublikası vətəndaşlarının xarici ölkələrdə, əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin Azərbaycan Respublikasında təhsil alması Qaydaları”nın 3.5-ci bəndinə əsasən əcnəbilərin müvafiq təhsil səviyyəsi üzrə hazırlığı və tədris dilini bilmə səviyyəsi seçdikləri təhsil müəssisəsi tərəfindən yoxlanılır və təhsil müəssisəsinin 4 müəyyən etdiyi tələblərə uyğun gəldikləri halda onların təhsil müəssisəsinə qəbulu rəsmiləşdirilir. Tələbələrin dil və ixtisas bilikləri səviyyəsi qənaətbəxş hesab edilmədiyi təqdirdə onların hazırlıq kurslarında təkrar təhsil alması məsələsinə ali təhsil müəssisəsi tərəfindən baxıla bilər.
 
 
ATM-ə qəbul olmuş tələbə ölkəyə hansı viza ilə daxil olmalıdır?

Azərbaycan Respublikasının Miqrasiya Məcəlləsinin 27.1-ci maddəsinə uyğun olaraq elm və ya təhsil vizası bu sahədə Azərbaycan Respublikasında fəaliyyət göstərən dövlət orqanlarının, elmi - tədqiqat institutlarının, dövlət qeydiyyatından keçmiş təhsil müəssisələrinin vəsatəti əsasında elmi fəaliyyətlə məşğul olmağa, müvafiq konfrans, seminar və digər elmi tədbirlərdə iştirak etməyə, təhsil müəssisələrinə qəbul olunaraq təhsil almağa və ya ixtisas artırmağa gələn əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə verilir.
 
MYİ vəsiqəsinin alınması üçün Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi nə kimi köməklik göstərir?

Giriş vizasının məqsədi yalnız elm və ya təhsil olan əcnəbi tələbələr üçün Elm və Təhsil Nazirliyi (ETN) tərəfindən Dövlət Miqrasiya Xidməti (DMX) qarşısında müvəqqəti yaşama icazəsinin verilməsi haqqında vəsatət qaldırılır. Bunun üçün ATM tərəfindən tələbələrin ad, soyad, ata adlarının (pasportda yazıldığı şəkildə), vətəndaşlığı və pasport nömrəsi qeyd edilmiş məktub ETN-ə ünvanlanılır, əlavə olaraq tələbələrin pasport və MYİ surətləri qoşma olaraq göndərilir. Əlavə olaraq qeyd edək ki, bununla bağlı ETN tərəfindən ATM-lərə tədris ilinin əvvəlində sirkulyar məktub ünvanlanır.
 
Hansı təqaüd proqramları təklif olunur?

Azərbaycan Respublikası və bəzi yerli universitetlər təqaüd imkanları və maliyyə yardımları təklif edir. Azərbaycan Respublikası Təhsil Qrantı proqramı İslam Əməkdaşlıq Ölkələri və Qoşulmama Hərəkatına üzv dövlətlərin vətəndaşlarına şamil edilir. Daha geniş məlumatı https://studyinazerbaijan.edu.az saytından əldə edə bilərsiniz.
 
Əlavə suallarımı necə verə bilərəm?

Əlavə suallarınız olduğu təqdirdə, [email protected] və ya [email protected] elektron ünvanlarına müraciət edə bilərsiniz.