Azərbaycan Vətəndaşları üçün məlumat

Bakı Dövlət Universitetinin (BDU) 16 fakültəsində bakalavriatura səviyyəsində 83 ixtisas üzrə yerli və beynəlxalq əmək bazarında rəqabətədavamlı, yüksək ixtisaslı pedaqoji, mühəndis-texniki və elmi mütəxəssislər hazırlanır. Kadr hazırlığı Avropa kredit transfer sisteminə uyğun olaraq 3 dildə – Azərbaycan, rus və ingilis dillərində həyata keçirilir. Hazırda universitetdə 24 minə yaxın tələbə təhsil alır.
Nə üçün abituriyent BDU-nu seçməlidir?
1.Azərbaycanın ən qədim, ən tanınmış və ən böyük universitetidir.
2. Dünya və Avropa universitetlərinin reytinqində Azərbaycan universitetləri arasında öndədir və ildən-ilə mövqeyini daha da yaxşılaşdırır. 
3.Təhsilin keyfiyyəti yüksəkdir. Dövlət bizim təhsilin keyfiyyətinə inanır. 
4. Ödənişsiz təhsil almaq imkanı var. Tələbələrimizin 61%-i dövlət sifarişi ilə təhsil alır.
5.Müəllimlərimiz yüksək səviyyəli peşəkarlardır. Onlar həm də elmi fəaliyyətlə məşğuldurlar.
6.Hər bir tələbəyə fərdi yanaşılır. Əminik ki, talantsız insan yoxdur.
7.Məzunlarımıza əmək bazarında tələbat böyükdür.
8. Xarici ölkələrin aparıcı universitetlərilə birgə həyata keçirilən ikili diplom proqramlarında iştirak etmək imkanı vardır. Belə proqramı bitirən məzunlara həm BDU, həm də müvafiq xarici universitetin diplomu verilir. 
9.Məzunlarımız dünyanın bir çox ölkələrində yaşayır və işləyirlər.
10.Təhsil sistemimiz real praktika yönümlüdür. Bizim məzun universiteti bitirdikdikdən sonra uzunmüddətli stajkeçmədən müəssisədə əmək fəaliyyətinə başlaya bilər. 
11.BDU-da SABAH qrupları fəaliyyət göstərir. SABAH qruplarında təhsil alan tələbələrə SABAH təqaüdü verilməklə yanaşı, bölgələrdə yaşayan və sosial təminatı az olan tələbələr üçün güzəştlər nəzərdə tutulur, yaşayış üçün yataqxana ilə təmin edilirlər.
12.Quba rayonunun Nügədi kəndində yerləşən tədris-təcrübə bazasında həm əla təcrübə keçmək, həm də istirahət etmək imkanı vardır. 
13.Kitabxanamız Azərbaycanın zəngin ali məktəb kitabxanalarından biridır. 20-dən artıq  ölkənin 50-yə yaxın universitetilə informasiya mübadiləsi aparır.
14.Universitet yataqxanasının şəraiti o qədər yaxşıdır ki, Tələbə evi adlandırılıb.
15.Tələbə yeməkxanası fəaliyyət göstərir. 
16.Fəaliyyət göstərən Psixoloji yardım sektorunun məqsədi tələbələrin psixoloji müdafiəsini təmin etmək, psixi sağlamlığını qoruyub saxlamaq və gücləndirməkdir. 
17.Mədəniyyət-yaradıcılıq mərkəzimizdə qızlardan və oğlanlardan ibarət İnstrumental və Rəqs ansamblı, Xor kollektivi və Dram dərnəyi fəaliyyət göstərir. Mərkəz xüsusi istedadlı tələbələrin özfəaliyyətə cəlb olunması istiqamətində iş aparır.
18. İdman-Sağlamlıq Mərkəzi tələbələrdə yüksək mənəvi, iradi və fiziki keyfiyyətlər tərbiyə etmək, milli əxlaqi dəyərlər aşılamaq, onları əməyə və vətəni müdafiəyə hazırlamaq, müasir mütəxəssisi bir şəxsiyyət kimi formalaşdırmaq məqsədi daşıyır. 
19.Dərslərdən kənar vaxtda könüllü kimi fəaliyyət göstərmək imkanı vardır. Könüllü fəaliyyət göstərən tələbələrimizin BDU-da işlə təmin edilmə şansları vardır. Bu günə kimi Universitetin  ictimai işlərində könüllü qismində fəaliyyət göstərən tələbələrimizin böyük qismi BDU-da işlə təmin edilmişdir. Tələbəlikdən karyeraya yüksəlmişlər.
Siz Bakı Dövlət Universitetinə səfər edərək universitetimizin infrastrukturu ilə tanış ola bilərsiniz. Eyni zamanda  müəllim və tələbələrimizdən əlavə məlumat ala bilərsiniz.