BDU-nun Kitabxanaçılıq-informasiya fakültəsində “Qars müqaviləsinin informasiya təminatı” mövzusunda elmi seminar keçirilib
Bakı Dövlət Universitetinin (BDU) Kitabxanaçılıq-informasiya fakültəsində professor-müəllim heyətinin, doktorant və magistrantların iştirakı ilə “Qars müqaviləsinin informasiya təminatı” mövzusunda elmi seminar keçirilib. Elmi seminarı giriş sözü ilə açan BDU-nun Elmi fəaliyyətin təşkili və innovasiyalar Mərkəzinin direktoru Mais Süleymanov bildirib ki, bu gün Universitetdə elmi-tədqiqat işlərinin məzmununun yenilənməsi istiqamətində mühüm addımlar atılır. Hazırda Universitetdə bu istiqamətdə görülən işlərin, həyata keçirilən islahatların və müəyyənləşdirilmiş inkişaf strategiyasının təhlili deməyə əsas verir ki, BDU yaxın gələcəkdə təhsilin səviyyəsinə, elmi tədqiqatların məzmununa görə beynəlxalq reytinq agentliklərinin siyahısında daha ön yerləri tutacaq, nüfuzlu tədqiqat universitetinə çevriləcəkdir. O, eyni zamanda bugünkü seminarın mövzusunun xüsusi aktuallıq kəsb etdiyini vurğulayıb.
Elmi seminarda Biblioqrafiyaşünaslıq kafedrasının müdiri Nadir İsmayılov “Qars müqaviləsinin informasiya təminatı” mövzusunda məruzə ilə çıxış edib. Məruzəçi əvvəlcə bu günlərdə imzalanmasının 100 ili tamam olan Qars müqaviləsinin tarixi, həmin dövrün siyasi mənzərəsi və şərtləri barədə məlumat verib. Tarixi sənədin Naxçıvan bölgəsinin təhlükəsizliyinin təmin olunması və Azərbaycanın tərkibində saxlanımasında müstəsna əhəmiyyət kəsb ediyini vurğulayıb. Ulu Öndər Heydər Əliyevin Qars müqaviləsinə böyük qiymət verdiyini bildirən tədqiqatçı müdrik rəhbərin bu barədə fikirlərini diqqətə çatıdırıb: “Naxçıvan Azərbaycanın əsas torpağından ayrı düşdüyünə görə, Naxçıvanın bütövlüyünü, təhlükəsizliyini, dövlətçiliyini, muxtariyyətini gələcəkdə də təmin etmək üçün Qars müqaviləsi bizim üçün çox böyük, əvəzi olmayan bir sənəddir”.
Tədqiqatçı Azərbaycanın 44 günlük Vətən müharibəsində qazandığı tarixi zəfərdən sonra 2021-ci il may ayının 15-də Şuşa şəhərində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan tərəfindən Qars müqaviləsinə əsaslanaraq imzalanan tarixi Şuşa bəyannaməsindən də bəhs edib, sənədin böyük mahiyyət daşıdığını vurğulayıb.
Məruzədə həmçinin Qars müqaviləsi haqqında ölkəmizdə və xaricdə sənəd-informasiya axınının təşəkkülü, inkişafı və müasir vəziyyəti kompleks təhlil olunub, mövzunun informasiya təminatının təkmilləşdirilməsi yolları ilə bağlı innovativ təkliflər irəli sürülüb. Eyni zamanda Qars müqaviləsi ilə Şuşa bəyannaməsi arasında paralellər aparılıb, elmi dövriyyəyə yeni fikirlər təqdim olunub.
Məruzəçiyə çoxsaylı suallar ünvanlanıb, məruzə ətrafında müzakirələr aparılıb. Professor Mais Süleymanov, professor Xəlil İsmayılov, kafedra müdirləri Elçin Əhmədov, Knyaz Aslan, dosentlər Pərviz Kazimi, Solmaz Sadıqova və başqaları mövzu ilə bağlı fikirlərini bildiriblər.