BDU-da “Mən burdayam, İlahi” filmi nümayiş olunub
Bakı Dövlət Universitetinin (BDU) Mədəniyyət-yaradıcılıq Mərkəzinin təşkilatçılığı ilə “Mən burdayam, İlahi” filmi nümayiş olunub.
8 noyabr – Zəfər Gününə həsr olunmuş tədbirdə əvvəlcə film barədə məlumat verilib. Qeyd olunub ki, ekran əsərinin quruluşçu rejissoru Qulu Əsgərov, ssenari müəllifi “Beynəlxalq sənədli film ssenariləri” müsabiqəsinin laureatı Nicat Dadaşovdur.
44 günlük Vətən müharibəsindən bəhs edən tammetrajlı filmdə əsas obraz olan qazi üç aylıq komadan ayılıb anasının rəhmətə getdiyini və qızının uşaq evinə himayəyə verildiyini öyrənir. O, övladına sahib çıxa bilmək üçün həyatını qaydasına salmağa çalışır. Filmdə ağır döyüş səhnələrindən daha çox, müharibənin insan psixologiyasında buraxdığı izlər ön plana çəkilib.
Sonra BDU tələbələri filmə tamaşa ediblər.